[b]“AFFA-ya tanınmış qurban lazım idi, bizi seçdilər”[/b]
16.03.2017 - 12:24
[b]“AFFA-ya tanınmış qurban lazım idi, bizi seçdilər”[/b]

“Mövsümün sonuna qədər cəzalandırıldım? “Rəvan” çempionatdan çıxarıldı? Bunu ilk dəfədi sizdən eşidirəm”. Bunu apasport.az saytına açıqlamasında “Rəvan” klubunun futbolçusu Elvin Əliyev deyib.

 

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında paytaxt təmsilçisinin I diviziondan kənarlaşdırılması və bu komandanın üzvləri Elvin Əliyevlə Cəmşid Məhərrəmovun mövsümün sonuna qədər yaşıl meydanlardan uzaq qalması qərara alınıb.

 

Əliyev bu qərarın onlara ləkə yaxmaq üçün atıldığını bildirib: “Danışılmış oyunlarla bağlı izahat da vermişdim və düşünürdüm ki, heç bir problem yoxdu. Amma indi görürəm ki, onlara düzgünlük, haqq-ədalət lazım deyil. Əsəbimdən nə deyəcəyimi bilmirəm. Belə də qərar olar? Bu qərarı verənlərin məqsədi mənə ləkə yaxmaqdı. Cəza alan futbolçular arasında yalnız mən və Cəmşid tanınırıq. Görünür, AFFA-ya 1-2 tanınmış qurban lazım idi, bizi seçdilər. Gör, Azərbaycan futbolu nə günə düşüb ki, millinin keçmiş üzvləri I divizionda oynamalı olurlar. Belə qərarlarla da futbolumuzu məhvə sürükləyirlər”.

 

Yığmamızın sabiq müdafiəçisi “Rəvan”ın I diviziondan uzaqlaşdırılmasına da münasibət bildirib: “Bununla neçə nəfərin çörəyi ilə oynayıblar. Komandadakı gənclər arasında, bəlkə də, gələcəkdə milliyə düşə biləcək potensiala malik olanlar var. Onların karyeralarına zərbə dəyir. “Rəvan”a yeni sponsor gəlmişdi, vəziyyət düzəlirdi. İndi belə qərar onlarla insanın gələcək taleyini şübhə altına salır”.

 

Cəzalandırılması ilə razılaşmayan Əliyev AFFA İntizam Komitəsindən sübut tələb edib: “Adımın danışılmış oyunlarda hallanmasını heç cür qəbul edə bilmərəm. Hamı bilir ki, nə oyun almışıq, nə də satmışıq. Başımızı aşağı salıb 3-5 manat çörək pulumuzu qazanırdıq. İndi məcburam mövsümün sonunu gözləməyə. Əgər mövsümün sonuna qədər cəza veriblərsə, deməli, gələn mövsümdən karyeramı bərpa edə biləcəm. Bu, həm də o deməkdi ki, günahsızam. Sadəcə, cəzanı verən həmin şəxslər çıxıb ortaya fakt qoymalıdılar. Açıq şəkildə desinlər ki, Elvin filan işi görüb və bunu sübut eləsinlər. Dünyada o qədər ədalətsizlik var ki... Tarixə də nəzər yetirsəz görərsiz ki, illərlə həbsdə yatmış insanların sonradan günahsız olduqları açıqlanıb. AFFA-nın da bu qərarı o demək deyil ki, mən günahkaram. Əsas odu ki, hər kəsin qarşısında alnım açıqdı və heç kim ondan pul aldığımı deyə bilməz”.

 

Qeyd edək ki, AFFA İntizam Komitəsi bugünkü iclasında “Rəvan” və “Şərurspor”u I diviziondan uzaqlaşdırmaqla yanaşı, bu liqada çıxış edən 9 futbolçuya mövsümün sonuna qədər futbol oynamağı qadağan edib.

0