[b]“Platini və Blatteri də “Şərurspor”a görə qovdular?” – Əfqan Talıbov[/b]
16.03.2017 - 13:14
[b]“Platini və Blatteri də “Şərurspor”a görə qovdular?” – Əfqan Talıbov[/b]

“20 il futbol oynamışam, 15 ildi məşqçi işləyirəm. Hamı məni yaxşı tanıyır. Buna görə də, hansısa qərarı qəbul edəndə insan gərək düşünsün”. Bunu apasport.az saytına “Şərurspor”un baş məşqçisi Əfqan Talıbov deyib.

 

AFFA İntizam Komitəsi bugünkü iclasında adları danışılmış oyunlarda ən çox hallanan I divizion təmsilçiləri “Rəvan” və “Şərurspor”un çempionatdan kənarlaşdırılmasını qərara alıb.

 

Bununla razılaşmayan ikincilərin çalışdırıcısı Talıbov federasiyanı onların problemlərinə biganə olmaqda günahlandırıb: “Bir dəfə də olsun, insanların qayğıları ilə maraqlanmırlar. Belə qərarlar vermək asandı. I diviziondakı bütün problemlərin kökü “Şərurspor”dusa, yaxşı, bu komandanı kənarlaşdırdıq. Deməli, bundan sonra hər şey öz qaydasında gedəcək, bütün problemlər yoluna qoyulacaq? Deməliyik ki, Azərbaycan futbolu, gözün aydın olsun, sənə ləkə yaxan bəlalardan qurtuldun? İndi AFFA rahat ola bilər. Belə çıxır ki, I divizionda təkcə “Rəvan” və “Şərurspor” danışılmış oyunlarla məşğul olublar”.

 

“Real” kimi komandanın da danışılmış oyunlarda iştirak etdiyini iddia edən Əfqan Talıbov FİFA və UEFA-nın sabiq prezidentləri Yozef Blatterlə Mişel Platininin də ünvanına “daş atıb”: “UEFA ancaq bizi güdür, bizim oyuna baxır? Guya təkcə bizim oyunlarla bağlı siqnal gəlir, başqa heç bir komandanın adı hallanmır. Deyirlər, “Şərurspor”dan siqnal gəlib ki, komanda filan addımı atır. Əgər belə bir qurum varsa, “Real”ın oyununa niyə nəzarət eləmir? Onların qapıçıları Keylor Navas “Betis”lə oyunda topu sol əli ilə tutub, sağ əli ilə qapıya salır. Bəs onda niyə siqnal gəlmir ki, ay “bet”in komandası, bunu niyə demirsiz? Çünki onların gücü var. Həmin matçda 2 qol vurub qələbə qazandılar, buraxılan qol yaddan çıxdı. Amma 0:1 hesabı ilə məğlub olsaydılar, araşdırılacaqdı ki, Navas niyə belə elədi? Dünya futbolunda iki ən böyük qurum var - UEFA və FİFA. Onların prezidentləri indi hardadılar? Platini ilə Blatteri də “Şərurspor”a görə qovdular?”

 

“Şərurspor”un çalışdırıcısı futbolçularının da söz-söhbətlərdən yorulduqlarını əlavə edib: “Kimin nə danışdığı məni maraqlandırmır. İndi məşqə gedirəm. Vəziyyətlə bağlı futbolçular məlumatlandırılacaq. Hələlik məşqlərimizi etməliyik. Nə olur-olsun, futbol davam edir. Amma komandaya çox böyük ləkə yaxdılar. Futbolçular özləri də bezmişdilər. Dünən mənə deyirdilər ki, “Energetik”lə oyuna necə çıxaq? Onları da qınamıram. Heç bir motivasiyaları yoxdu. Yazıqlar “niyə 1:0 udduz”, “niyə 0:0 etdiz”, “niyə hesabınız 4:3 oldu” suallarını cavablandırmaqdan yorulmuşdular. Bəs necə oynayaq?”.

 

Talıbov komandanın gələcək taleyinə yaxın günlərdə aydınlıq gətiriləcəyini söyləyib: “Bu yetim komandanın üstünə nə düşmüsüz? İndi Azərbaycan futbolundan virusu təmizlədilər? Vallah, məəttəl qalmışam. Məşqçilər Komitəsinin üzvləri oyunlarımıza baxıb, görürdülər ki, komanda normal futbol göstərir. Əlbəttə ki, problemlərimiz var. Klubun rəhbəri komanda ilə birgə deyil, öz bazamız yoxdu, hər məşqə görə pul ödəyirik. Rəhbərimiz bir tərəfdən öz problemlərini yoluna qoymağa çalışır, bununla paralel futbolda da nəsə etmək istəyir. Kluba himayədarlıq edən insan son qərarı verməlidi. Yəqin ki, yaxın 1-2 gündə bəlli olar”.

0