[b]“Mənim vaxtımda da “Rəvan”da oyun satanlar, şərəfsizlər olub” - Emin Quliyev[/b]
16.03.2017 - 14:12
[b]“Mənim vaxtımda da “Rəvan”da oyun satanlar, şərəfsizlər olub” - Emin Quliyev[/b]

“Futbolçu vaxtımdan danışılmış oyunların əleyhinə olmuşam. Bu, şərəfsizlikdi”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq futbolçusu Emin Quliyev deyib.

 

AFFA İntizam Komitəsi bu gün keçirilən iclasında I divizionun 2 komandası “Rəvan” və “Şərurspor”u danışılmış oyunlardakı iştirakına görə çempionatdan uzaqlaşdırıb.

 

Buna münasibət bildirən “Rəvan”ın sabiq baş məşqçisi Emin Quliyev maraqlı fikirlər səsləndirib. O, məsələdə günahı olan şəxslərlə bağlı lazımi ölçü götürülməsini dəstəklədiyini söyləyib: “İndi elə vəziyyətdəyik ki, klublarımızın sayı azdı. Nə qədər çox komanda olsa, çempionata maraq bir o qədər artar. Amma danışılmış oyunlarda iştirak edənlər varsa, istənilən halda, onlarla bağlı tədbir görülməsinin tərəfdarıyam. Bu işdə kimin əli varsa, onun cəzalandırılmasına ikiəlli razıyam”.

 

Maraqlıdı ki, Quliyev sabiq komandasının adının danışılmış oyunlarda hallanmasını sürpriz hesab etmir: “Düzdü, “Rəvan”da işləmişəm. Amma onların o cür komanda olduqlarını bilmirdim. Orda futbolla əlaqəsi olmayan insanların çalışdığını bilsəydim, işsiz qalardım, ora getməzdim. Bu, ən böyük səhvlərimdən biri olub. “Rəvan”ın danışılmış oyunlara görə cəzalandırılması isə məni təəccübləndirmədi. Onlardan hər şey gözləmək olardı. Yəni, mənim üçün sürpriz deyil. Açığı, o vaxt mən də bu komandanın baş məşqçisi olanda bəzi şeylərdən şübhələnirdim. Bəzi oyunçuların çıxışı mənə qeyri-adi gəlirdi. Sonra 1-2 söhbət eşitdim, öz-özümə dedim ki, elə mənim vaxtımda da komandada oyun satanlar, şərəfsizlər olub”.

 

Qeyd edək ki, Emin Quliyev 2015-ci ilin iyul-oktyabr aylarında “Rəvan”ı çalışdırıb. Həmin vaxt komanda Premyer Liqada mübarizə aparırdı. 

0