Teymur Rəcəbovun komandası Rusiya çempionatında liderdir
04.04.2008 - 10:54
Teymur Rəcəbovun komandası Rusiya çempionatında liderdir
Bakı. Kənan Həsənov-APA-Sport. Soçi şəhərində təşkil edilən şahmat üzrə klublararası Rusiya Premyer Liqasında 2-ci turun oyunları baş çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan milli komandasının lideri Teymur Rəcəbovun çıxış etdiyi iddialı “Ural” klubu “Ekonomist-SQSEU-2” ilə qarşılaşıb. Rəqib heyətinə görə zəif olduğundan qrossmeysterimiz bu görüşdə iştirak etməyib. Oyundan 4,5:1,5 hesablı qələbə ilə ayrılan “Ural” liderliyə yüksəlib. Birinci turda “Ural”a uduzan Şəhriyar Məmmədyarovun lideri olduğu “Spasio-Swis” klubu isə Vüqar Həşimovun çıxış etdiyi “Şatar-Metropol”la ilə qarşılaşıb. V.Həşimov birinci lövhədə rəqibin ukraynalı lideri Ruslan Ponomaryovu məğlub edib. Üçüncü lövhədə rusiyalı Pavel Trequbovla oynayan Ş.Məmmədyarov heç-heçə ilə kifayətlənib. Hesabında 3 xal olan “Şatar-Metropol” klubu üçüncü tur çərçivəsində “Ekonomist-SQSEU-2” ilə, cəmi bir xal toplayan “Spasio-Swis” komandası “Yujnıy Ural”la qarşılaşacaq. “Ural” isə “növbəti oyununu Tomsk-400” klubuna qarşı keçirəcək.
Qeyd edək ki, 12 komandanın dairəvi sistemlə mübarizə apardığı Premyer-liqa aprelin 14-də başa çatacaq. Reqlamentə əsasən, ilk dörd yeri tutacaq klublar Avropa çempionatında çıxış etmək hüququ qazanacaq.
0