[b]“Meydançada uzanmaqla, sürünüb vaxt uzatmaqları xoşagəlməz idi”[/b]
18.03.2017 - 18:42
[b]“Meydançada uzanmaqla, sürünüb vaxt uzatmaqları xoşagəlməz idi”[/b]

“Ardıcıl məğlubiyyətlərdən sonra, həm də Gəncə səfərində oynamaq həmişə çətin olur”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.

 

Gənc mütəxəssis Premyer Liqanın XXIII turunun “Kəpəz”lə səfər oyunundakı 0:1 hesablı məğlubiyyətə şərh verib: “Bunu bilirdik. Onu da bilirdik ki, belə oyunun taleyini maksimum 1 qol həll edə bilər. Bu topu biz də vura bilərdik. Təəssüf ki, buraxdığımız səhv qolla nəticələndi. Belə meydanda oynamaq çətindi. Bu meydanda nə  “Kəpəz”in, nə də rəqiblərin 1-2 topdan artıq vurduğunu görməmişik. Burada istədiyin oyunu qura bilməzsən. Sumqayıtda bu rəqiblə necə oynamışdıqsa, indi bunu bacarmadıq. Amma əvvəldən də başa düşürdük ki, oynaya bilməyəcəyik. Çalışırdıq ki, səhv etməyək. Vəziyyət get-gedə gərginləşir. Çempionata maraq artır. Rəqiblər bir-birinə yaxınlaşır. Bu bizə sərf etməsə də, hələ hər şey itirilməyib. Evdə oyunlarımız var, çalışacağıq vəziyyəti düzəldək. Matçdan sonra hakimlərə yaxınlaşmağım onunla bağlıdı ki, oyunçularımızın onlara doğru getdiyini gördüm. Xoşagəlməz hadisənin yaşanmaması üçün onların arxasınca getmişdim. Oyun zamanı daha emosional oluramsa, bunu aqressiblik saymaq düz deyil. Daha çox rəqibə əsəbləşirdim ki, vaxtı uzadırdılar. Meydançada uzanmaqla, sürünüb-ağınnamaqla vaxt uzatmaqları xoşagəlməz idi. Top bir metrliyində olanda onu vermirdilər. Əgər bizi belə udmaq istəyirdilərsə, təbrik edirəm. Amma biz buna yol verməzdik”.

0