[b]Zurab Xizanaşvili: Bu, heç kimin dəyişdirə bilməyəcəyi tarixdi – MÜSAHİBƏ[/b]
19.03.2017 - 11:00
[b]Zurab Xizanaşvili: Bu, heç kimin dəyişdirə bilməyəcəyi tarixdi – MÜSAHİBƏ[/b]

“Neftçi” ilə oyunda məğlub olan “İnter”in təcrübəli müdafiəçisi Zurab Xizanaşvilinin apasport.az saytına müsahibəsi.

 

- “Neftçi”yə yenə qalib gələ bilmədiniz. Bu dəfə niyə bacarmadınız?

- Çox çətin oyun oldu. Yenə “Neftçi”yə eyni hesabla yenildik. Rəqibimiz çox güclü komandadı. Onlara qarşı oynamaq həqiqətən də çətindi. Nəticə bizim üçün pisdi. Ardıcıl 2 qol buraxdıqdan sonra oyunu çevirmək çətin olur.

 

- Amma birinci hissədə ilk real şansı siz qaçırdınız…

- Bəli, zərbə vurdum və keçmiş komanda yoldaşım Ruslan Abışov özünü sipər etdi (gülür).

 

- Oyundan sonra epizodla bağlı onunla danışdınız?

- O, çox ağıllı futbolçudu. Biz onunla hər zaman mehriban görüşürük. Təbii ki, oyun zamanı hər kəs öz komandasının uğur qazanması üçün çalışır.

 

- Bu gün “Neftçi” 80 illik yubileyini qeyd edirdi. Stadionda gördüyünüz atmosfer sizdə hansı hisslər yaratdı?

- Həqiqətən “Neftçi” üçün böyük bayramdı. 80 yaş az deyil. Çox gözəl bir tarixdi.

 

- Eyni imperiyanın müstəmləkəsi olduğumuzdan əksər tarixi hadisələrimiz də bir-birinə yaxındı…

- Tiflis “Dinamo”sunu nəzərdə tutursuz. “Dinamo” Gürcüstanın, “Neftçi” isə Azərbaycanın əfsanəsidi. Bu, heç kimin dəyişdirə bilməyəcəyi tarixdi. Düzdü, “Neftçi” indi turnir cədvəlinin alt pillələrində yer alıb. Amma qış fasiləsindən sonra yüksəlişdədilər. Hər kəs bu komandaya hörmətlə yanaşır.

 

- Oyundan sonra onları təbrik etdinizmi?

- Əlbəttə, təbrik etdim. Hər biri bizim dostumuzdu. Meydanda rəqib olsaq da, burda qalır. Hamısına xoş arzularımızı çatdırdıq. Ruslan bizim çox yaxın dostumuzdu.

 

- Qısa fasilədən sonra “Qəbələ” ilə kubokun yarımfinalında həlledici qarşılaşma gözləyir “İnter”i. Şanslar haqda indidən nə deyə bilərsiniz?

- Yaxşı oyun olacaq. Bu qarşılaşmaya köklənəcəyik. Finala çıxmaq üçün əla şansımız var. Yarımfinal iki oyundan ibarətdi. Belə deyək də, iki oyunu və sonda həlledici matçı qazanan avrokuboklara yollanacaq. Bu məqam yarışın əhəmiyyətini ikiqat artırır.

 

- Sizin üçün hansı “cəbhə”də uğur qazanmaq vacibdi?

- Əlbəttə, çempionatda.

 

- Buraxılan qollarda Orxanın boyunun qapıçı üçün tələb edilən standarta uyğun olmamasının təsiri varmı?

- Hər ikisi mənim üçün güclü qapıçıdı. Səlahət millinin düşərgəsindən zədəli gəldiyinə görə qapını Orxan qorudu. Səhvi onun üzərinə atmazdım.

0