Kişi voleybolçulardan ibarət Azərbaycan Yüksək dəstəsində klubların sayının artırıla bilər. Apasport.az saytının məlumatına görə, 2017/2018 mövsümündə komandaların sayının 8-ə çatdırılması planlaşdırılır.
Belə ki, artıq Yüksək dəstəyə qoşulacaq yeni komandalardan birinin adı dəqiqləşib. Bu, 2016/2017 mövsümündə I liqada mübarizə aparan “Ekspress” klubudu. Yeni yaradılan komanda istəyini Azərbaycan Voleybol Federasiyasının rəhbərliyinə də çatdırıb. Marafona Gəncə və ya Göygöl təmsilçisinin də qoşulması istisna edilmir.
Növbəti mövsümdə həmçinin yeni ad da olacaq. “Nəqliyyatçı” 2017/2018 mövsümündən çıxışını “Dəmir yolları” kimi davam etdirəcək.
Bu komandalarla yanaşı, “Sumqayıt”ın da yenidən sıraya dönəcəyi gözlənilir. Klub sponsorlarla danışıqlar aparır.
Qeyd edək ki, “Neftçi”, “Naxçıvan”, MOİK və “Lokomotiv” də birincilikdə çıxışını davam etdirəcək. Bu komandalar hazırda çempionatının pley-off mərhələsində oynayırlar.