[b]AZAL Hollandiya, Portuqaliya klubları və “Spartak”la bir sırada[/b]
25.03.2017 - 19:04
[b]AZAL Hollandiya, Portuqaliya klubları və “Spartak”la bir sırada[/b]

Rusiyanın “Sovetski Sport” nəşrində maraqlı məqalə yer alıb. Apasport.az saytının məlumatına görə, rusiyalı həmkarlarımız hazırda davam edən daxili birincilikdə “Spartak”ın lehinə heç vaxt penalti təyin edilməməsi ilə bağlı hazırladıqları yazıda Azərbaycan Premyer Liqasından və AZAL-dan da bəhs ediblər.

 

Bildirilib ki, Rusiya çempionatının geridə qalan 20 turunda “Spartak”la bərabər “Rostov”lu futbolçular da heç vaxt 11 metrlik zərbə ilə “mükafatlandırılmayıblar”. Əvəzində isə hazırda turnir cədvəlinin lideri olan moskvalıların qapısına 5, Kurban Berdıyevin komandasının qapısına isə 2 dəfə penalti təyin edilib. Bütün zərbələr qolla yekunlaşıb.

 

Əlavə olaraq qeyd edilib ki, Avropanın müxtəlif liqalarında 32 komandaya 20 və daha artıq turdan sonra “nöqtə”yə yaxınlaşmaq qismət olmayıb.

 

Belə ki, Belçika, Hollandiya, Portuqaliya, İsrail, Çexiya, Xorvatiya və digər ölkə çempionatlarından verilən nümunələrlə yanaşı Azərbaycan Premyer Liqasında çıxış edən AZAL da belə sevinc yaşamayıb.

 

Rusiyalı həmkarlarımızın qeydini təqdim edirik: “Səkkiz komandadan ibarət Azərbaycan Premyer Liqasında 23 turdan sonra Bakının AZAL komandasının xeyrinə bir dəfə penalti təyin edilməyib. Rəqiblərindən böyük fərqlə geridə qalan klub turnir cədvəlinin sonuncu pilləsində gedir. Əvəzində isə “təyyarəçilər” qapısına ən çox penalti təyin edilənlər arasında liderlərdən biridi. Altı dəfə cəzalandırılan komanda bütün hallarda topu qapıdan çıxarmalı olub”.

0