[b]Almaniyadan xal alsaq…[/b]
26.03.2017 - 16:04
[b]Almaniyadan xal alsaq…[/b]

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimiz Almaniya yığması ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, dünya çempionlarına qarşı oyun geniş azarkeş kütləsi və futbol ictimaiyyəti tərəfindən olduqca maraqla qarşılanıb.

 

Hətta futbolsevərlər sosial şəbəkələrdə #almaniyadanxalalsaq başlığı ilə haştaq yaradıblar. Artıq trendə çevrilmiş və Azərbaycan ərazisində ən çox yazılan mövzu olan haştaqla bağlı diqqətçəkən ən maraqlı status və tvitləri təqdim edirik.

 

Haştağı yaradan və xüsusi fəallığı ilə seçilənlərdən biri olan Anar Şabanoğlu (“CBC Sport” telekanalının keçmiş əməkdaşı, idman jurnalisti) məsələyə zarafatyana yanaşmaqla yanaşı, millimizin xal qazanması halında söz də verib:

 

1. #almaniyadanxalalsaq sonrakı oyunların nəticəsindən asılı olmayaraq, gələn il martın 26-na kimi profil fotomda Robert Prosineçkini görəcəksiniz.

 

2. #almaniyadanxalalsaq oyunun qəhrəmanı Kamran Ağayev (millinin qapıçısı) olacaq və final fitindən sonra yorğun halda Prosineçkiyə:

 

“Daha məndə hal qalmadı
O xal nə xaldır qoşa düzdürmüsən?” sualını verəcək. 
 

Prosineçkinin Kamrana cavabı isə belə olacaq:

“Xal mənim, yar mənim, ixtiyar mənim
Xalqa nə borcdur qoşa düzdürmüşəm?”

 

“Futbolinfo.az” saytının əməkdaşı Elmar Abdullazadə isə haştaq altında statistik məlumatlar yazıb: “Azərbaycan yığması indiyə kimi martın 26-da keçirdiyi 6 oyunun hamısında qol vurmadan məğlub olub. Bu matçlar arasında Portuqaliyadan 7, Polşadan 8 cavabsız top buraxdığımız qarşılaşmalar da yer alıb. #almaniyadanxalalsaq ilk olacaq”.

 

Millimizin baş məşqçisi Robert Prosineçkinin işinə tənqidi yanaşanlardan biri olan, “qafqazinfo.az” saytının əməkdaşı Elsevər Məmmədov da xal alacağımız təqdirdə özünəməxsus söz verib: “ #almaniyadanxalalsaq Prosineçki ilə foto çəkdirib, bir ay profildə saxlayacam və o adama qibtə etdiyimi yazacam”.

 

“Futbolinfo.az” saytının digər əməkdaşı Nicat Salmanlı da hadisəyə ironik yanaşanlardandı: “ #almaniyadanxalalsaq haştağına etirazım var. Biz illərdi San Marinoya azarkeşlik edirik, bir dəfə belə ucuz yollara əl atmamışıq. Futbol məğlub olacağını bilə-bilə San Marinonu dəstəkləməkdi”.

 

Azərbaycanlı tviter istifadəçiləri də məsələyə münasibət bildiriblər.

 

Orxan Salah adlı azarkeş “ #almaniyadanxalalsaq Prosineçkinin heykəlini tikərlər şəhərdə” yazıb.

 

Kamran adlı tviter istifadçisi isə #almaniyadanxalalsaq saçını keçəl kəsdirəcəyinə söz verib.

 

Azarkeşlər arasında saç rəngini dəyişəcəyinə, kiməsə eşq elan edəcəyinə, kiməsə evlilik təklif edəcəyinə, hətta bir daha futbola baxmayacağına söz verənlər də var.

0