[b]Azərbaycan – Almaniya: kim necə oynadı?[/b]
27.03.2017 - 11:37
[b]Azərbaycan – Almaniya: kim necə oynadı?[/b]

Millimiz DÇ-2018-in seçmə mərhələsində ardıcıl ikinci dəfə qapısında 4 top gördü. Apasport.az saytının məlumatına görə, dünən Tofiq Bəhramov adına Respublika stadionunda Almaniyaya böyük hesablı məğlubiyyətə (1:4) baxmayaraq, Robert Prosineçkinin yetirmələri meydanı alqışlarla tərk etdilər.

 

Çünki komandamız son dünya çempionuna qarşı qorxaq futbol sərgiləmədi və hücum etməkdən çəkinmədi. Etiraf etmək lazımdı ki, Bundestim heç də yaxşı oyun nümayiş etdirmədi. Sadəcə, fərdi səhvlər və ustalıq fərqi bu nəticəyə gətirib çıxardı.

 

Buraxılan 4 qolun hamısında fərdi səhvlər həlledici oldu. Yəni almanların qol vurmaq üçün ön xətdə əsl güclərini göstərmələrinə ehtiyac qalmadı. Çünki futbolçularımız bu topları onlara “hədiyyə etdilər”.

 

Planetin ən güclü 3 komandasından birinə qarşı oynayırsansa, komanda şəklində çıxış etməlisən və heç kim ansambldan geri qalmamalıdı. Ancaq dünənki görüşü aşağı səviyyədə keçirən futbolçularımız da oldu.

 

Kamran Ağayev – Oyun praktikasından əziyyət çəkdiyi açıq-aşkar hiss olunurdu. Buraxılan ilk qolda ötürmənin qapı qarşısına veriləcəyini bilə-bilə gec reaksiya göstərdi. İkinci topda isə əksini etməli idi. Müllerin yanında iki müdafiəçimiz olsa da, lazımsız yerə irəli çıxdı. 3-cü qolda isə topu seyr etməklə kifayətləndi. Almanlar oyun ərzində qazandıqları künc zərbələrinin 10-dan 7-8-ni qapı qarşısına ötürmə ilə başladılar. Ancaq Ağayev bunların heç birində çərçivədən irəli çıxmadı. Futbolda qapıçının inamlı oyunu komandaya böyük ruh yüksəkliyi verir. Ancaq Kamran dünən çox inamsız təsir bağışladı.

 

Rəşad Sadıqov – 4 qol buraxan komandanın müdafiəçisini tərifləmək yersiz olar. Doğrudu, kapitan görüşdə 2 kritik müdaxilə ilə diqqət çəkdi. Ancaq qollarda onun da müəyyən səhvləri oldu. 1-ci və 4-cü topda Andre Şürrle mərkəzdə tamamilə boş buraxılmışdı ki, bunun günahkarlarından biri də Sadıqovdu. 2-ci qolda isə sürətdə Müllerə uduzdu.

 

Bədavi Hüseynov – Rəşad Sadıqov haqda deyilənlər ona da aiddi. Cinahlar bir tərəfə qalsın, heç kapitanla mərkəzdə bir-birilərini sığortalaya bilmədilər.

 

Məhəmməd Mirzəbəyov – Millimizin ən “zəif bəndi” onu saymaq olar. Müdafiəmizin sağ cinahı almanlar üçün boş dəhlizə çevrilmişdi. İlk və son qolda Mirzəbəyov cinahını tamamilə boş buraxmışdı. 3-cü qolda isə asma zamanı ucaboy Mario Qomesi o yox, mərkəz müdafiəçilərindən biri tutmalı idi. Bu qolda Məhəmməd bir növ yanlış adam paylaşımının qurbanı oldu. Hərdən hücuma dəstək verməyə çalışsa da, əsas vəzifəsi olan müdafiə olunmaqda həmişəki kimi, çətinlik çəkdi.

 

Pavel Paşayev – Ukrayna çempionatında çıxış edən Paşayev arxa xəttin ən yaxşısı idi. Buraxılan qollarda onun səhvi olmadı. Digər tərəfdən müdafiənin sol cinahında olduqca etibarlı çıxış etdi. Hətta bəzi anlarda rəqibin iki oyunçusuna qarşı mübarizə aparmalı olurdu və Bundestimin hücumlarına məharətlə sinə gərməyi bacarırdı. Yeganə problemi hücuma lazımi dəstəyi verməməsi idi.

 

Qara Qarayev – Millimizin heyətində ən yaxşı iki oyunçudan biri idi. Xüsusən də, ikinci hissədə onun orta sahədəki “fint”ləri azarkeşləri coşdururdu. Rəqibin ulduz futbolçularından çəkinmədən topla gözəl hərəkətlər edirdi. Bir neçə dəfə kritik müdaxilə ilə yadda qalan Qarayev arxadan hücum qurmaqda da məharətini göstərdi.

 

Rahid Əmirquliyev – Onu matçın nə ən yaxşılarından, nə də ən zəiflərindən saymaq olar. Amma ümumilikdə dünən əsl Əmirquliyevi meydanda görmədik. Top almanlarda olanda orta sahədə sıxlıq yaratsa da, komandamızın hücumları zamanı gözə dəymədi.

 

Cavid Hüseynov – Mirzəbəyovdan sonra matçın ən zəifi Hüseynov idi. Pleymeyker funksiyasını yerinə yetirməli olan futbolçu hücumlara dəstək verməkdə, oyunun tempinə uyğunlaşmaqda çətinlik çəkdi.

 

Dmitri Nazarov – Şübhəsiz ki, millimizin ən güclü oyunçusu Nazarov idi. Topu ayağında ustalıqla saxlayır, gözəl driblinqləri ilə göz oxşayırdı. Sol cinahda oynamasına baxmayaraq, həm də Cavid Hüseynovun işini görürdü. Vurduğu qolda da soyuqqanlılığını və ustalığını nümayiş etdirdi.

 

Əfran İsmayılov – Əslində, həmişəki kimi, fəal və daim hərəkətdə idi. Hücumlarda yaxından iştirak edirdi və tez-tez sürətli keçidlərə can atırdı. Komandamızın vurduğu qolda da Nazarova çox gözəl ötürmə verdi. Amma rəqibin cərimə meydanına tərəf yaxınlaşanda yersiz hərəkətlər edirdi. Dəfələrlə ötürmə vermək əvəzinə topu ayağında saxlamağı üstün tuturdu ki, almanlar da çox düşünməsinə imkan vermədən onu zərərsizləşdirirdilər. Rəqibə ikinci qolu da məhz İsmayılov “hədiyyə etdi”. Artıq elə vəziyyət yaranmışdı ki, Əfran hər topu qəbul edəndə, azarkeşlər onu itirəcəyini gözləyirdilər. Bu səbəbdən də, komandamızın sol cinahdan hücumları daha təhlükəli alınırdı.

 

Ramil Şeydayev – Hücumda itib-batmamaq üçün tez-tez geri gəlir, top qəbul edirdi. Rəqibin standart vəziyyətləri zamanı da 2-3 dəfə müdafiəyə köməyi dəydi. Ancaq oyun praktikasının qaydasında olmadığı aşkar hiss olunurdu. Eyni zamanda təcrübəsizlik həyəcanını boğmasına mane oldu.

 

Dəniz Yılmaz – Şeydayevi əvəzləyən və son 23 dəqiqəni meydanda keçirən Dəniz Yılmaz isə heç nə ilə yadda qalmadı. Komanda yoldaşından fərqli meydanda rahat olsa da, dünən milliyə Ramil qədər xeyir verə bilmədi.

 

Ruslan Qurbanov – Cəmi 10 dəqiqə meydanda oldu və bu müddət nəsə etmək üçün çox azdı.

 

Eddi İsrafilov – Onun da özünü göstərməsi üçün vaxtı olmadı. Çünki İsrafilov oyuna qoşulduqdan bir neçə dəqiqə sonra final fiti səsləndi.

 

 

0