[b]Rusiya saytının fərqləndirdiyi ən güclü azərbaycanlılar[/b]
27.03.2017 - 12:25
[b]Rusiya saytının fərqləndirdiyi ən güclü azərbaycanlılar[/b]

Rusiya Premyer Liqasında oynamış ən güclü azərbaycanlı futbolçuların adları açıqlanıb. Apasport.az-ın məlumatına görə, ənənəvi rubrikasını davam etdirən championat.com saytı bu dəfə həmyerlilərimizdən ibarət “onluq” tərtib edib.

 

Siyahıda 10-cu pillədə Qurban Qurbanov qərarlaşıb. Stavropol “Dinamo”su və “Baltika” klublarında çıxış etmiş “Qarabağ”ın hazırkı çalışdırıcısı “Fakel”in də formasını geyinib. Qurbanov məhz bu komandanın yüksək dəstəyə çıxmasında pay sahiblərindən biri olub. O, “Fakel”də ümumilikdə 65 oyun keçirərək, 17 qola imza atıb.

 

11 il Azərbaycan yığmasının formasını geyinmiş Emin Ağayev 9-cudu. O, 17 il ərzində Rusiyanın müxtəlif divizionlarında çıxış edib. Ağayevi “Anji”, “Torpedo-ZİL”, “Ximki”, “Volqa” kimi komandalarda yaxşı xatırlayırlar. Emin Premyer Liqada “Torpedo-ZİL”in heyətində çıxış edib. O, bu komandada ümumilikdə 70 oyunda 3 qol vurub.

 

Karyerasına “Saturn”da başlayan Emin Mahmudova vaxtilə Vadim Yevseyev və Dmitri Loskov kimi futbolçular məsləhət verib. Bu komandanın heyətində 21 oyunda 1 dəfə fərqlənən yarımmüdafiəçi 2011-ci ildə “Spartak”a keçib və 13 oyunda moskvalıların formasını geyinib. Mahmudov Premyer Liqa klublarından “Tom” (8 oyun), “Krılya Sovetov” (18 oyun) və “Mordoviya”nın (13 oyun) da şərəfini qoruyub. Hazırda isə Portuqaliyanın “Boavişta” klubunun üzvüdü.
 

7-ci pillədə qərarlaşan Deni Qaysumov Premyer Liqada ilk olaraq, Moskva MOİK-nin heyətində çıxış edib. O, 1995 və 1997-ci illərdə formasını geyindiyi paytaxt klubunda 22 oyun keçirərək, 2 qola imza atıb. Azərbaycan yığmasının şərəfini qorumuş çeçen əsilli Qaysumovun əsas karyerası isə “Terek”lə bağlı olub. Deni 2002-2005-ci illərdə Qroznı təmsilçisində 131 oyunda 2 dəfə fərqlənib.

 

Azərbaycan yığmasının qapısını qorumuş Aleksandr Jidkov Rusiya Premyer Liqasında “Anji”nin heyətində çıxış edib. O, 1999-2001-ci illər ərzində formasını geyindiyi Mahaçqala klubunda ümumilikdə 73 oyun keçirib və qapısından 62 top buraxıb.


5-ci pillədə qərarlaşan Lev Mayorov 2 dəfə Azərbaycan yığmasının formasını geyinib. Bakıda doğulmuş sabiq futbolçu “Neftçi” və “Kəpəz” klublarında çıxış etdikdən sonra Rusiyaya yollanıb. Onun Rusiya karyerası əsasən Novorossiysk “Çernomorets”i ilə bağlıdı. 1992-2005-ci illərdə bu komandanın formasını geyinmiş Mayorov 7 il Premyer Liqa təcrübəsi yaşayıb.


Azərbaycan futbol tarixinin ən güclü oyunçularından olmuş Vəli Qasımov 1992-ci ildə “Neftçi”ni “Spartak”a dəyişib. Bu komandada Oleq Romantsevin rəhbərliyi altında oynayan sabiq hücumçu çox qalası olmayıb. Cəmi 6 oyunda iştirak edən Qasımova baş məşqçi səbrli olmağı tapşırıb, gələcəkdə komandanın aparıcı oyunçularından birinə çevriləcəyi ilə bağlı vəd versə də, həmyerlimiz “Dinamo”ya keçməyi üstün tutub. Qasımov bu komandada 17 oyunda 16 qola imza atıb.

 

Siyahıda 3-cü pillədə millimizin keçmiş qapıçısı Dmitri Kramarenko qərarlaşıb. “Dinamo” və “Torpedo”da çıxış etdikdən sonra “Alaniya”ya yollanan Dima komandanın “1 nömrəsi”nə çevrilib. 1996-cı ildə Kramarenko Rusiya çempionatının gümüş medalını qazanıb. 1998-ci ildə Valeri Qazzayev onu “Dinamo”ya qaytarıb. Əla mövsüm keçirdikdən sonra Dima 17 yaşlı qapıçı Vladimir Qabulova rəqabətdə uduzaraq, ehtiyata düşüb.

 

Dağıstan əsilli futbolçu Narvik Sirxayev siyahıda ikincidi. Azərbaycan yığmasında 17 oyun keçirmiş sabiq yarımmüdafiəçi karyerası ərzində “Anji”, “Lokomotiv”, “Moskva” və “Terek” klublarında çıxış edib.

 

Siyahıya Nazim Süleymanov başçılıq edir. Sabiq hücumçunun əsas karyerası “Alaniya” ilə bağlı olub. 1991-1996-cı illərdə Vladiqafqaz təmsilçisində 142 oyun keçirən Süleymanov 60 qola imza atıb. “Alaniya” ilə Rusiya çempionu adını qazanmış sabiq “10 nömrə” indiyə qədər Vladiqafqazın fəxri, klubun tarixi ərzində ən güclü futbolçularından biri sayılır. Təsadüfi deyil ki, Süleymanovun avtomobili oğurlananda azarkeşlər onu stadiondan evinə kimi əllərində aparmaq istəyiblər.

 

 

0