[b]Tomaş Sivok Azərbaycanla oyunu xatırladı[/b]
27.03.2017 - 14:01
[b]Tomaş Sivok Azərbaycanla oyunu xatırladı[/b]

“Bu nəticəni gözləyirdim. Amma etiraf edim ki, gecə yata bilməmişdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çexiya yığmasının kapitanı Tomaş Sivok deyib.

 

DÇ-2018-in seçmə mərhələsində millimizin rəqiblərindən olan çexlər dünən San-Marino üzərində 6:0 hesablı qələbə qazanıblar. Bu nəticədən sonra Karel Yarolimin komandası Azərbaycan yığmasını qabaqlayaraq, qrupda 3-cü pilləyə yüksəlib.

 

Matçdan sonra ölkəsinin mətbuatına danışan Sivok maraqlı fikirlər səsləndirib. O, əvvəlcə görüşlə bağlı danışıb: “Bir qədər narahatlıq keçirirdim. Amma oyun bizim üçün yaxşı keçdi. Vurduğumuz 6 qol da bunu təsdiqləyir. Əgər 1:0 hesabı ilə qalib gəlsəydik, tənqidlə üzləşəcəkdik. Almaniya San-Marinonu 8:0 hesabı ilə üstələmişdi. Lakin biz onların Norveçlə oyununa da baxmışdıq. 75-ci dəqiqəyə qədər hesab 1:1 idi. Buna görə də, həyəcanlı idik. Baş məşqçimiz bizə xəbərdarlıq etdi. Bu da xeyrimizə oldu. Rəqibi qiymətləndirməyə bilməzdik. İlk dəqiqələrdən qələbəyə köklənmişdik. 4 qol vurduqdan sonra da Yarolim yenə tapşırıqlarını verirdi. Belə matçlarda erkən qol vurmaq önəmlidi. Əgər bunu bacarmasanız, hətta ikinci divizion komandası sizə qalib gələ bilər. Hesabı açdıqdan az sonra ikinci qolu vurduq. Fasilədən sonra ilk hissədəki kimi oynamamağımız psixoloji durumla bağlıdı. 5:0 hesabı ilə öndə olduğunu biləndə döyüşmək istəmirsən. Düşünürəm ki, bu nəticə növbəti oyunlardan əvvəl komandaya faydalı olacaq”.

 

Təcrübəli müdafiəçi qrupda keçirdikləri əvvəlki matçları da yada salıb. O, söhbət əsnasında Azərbaycanla qolsuz heç-heçə etdikləri oyunu xatırlayaraq, bunları deyib: “Şimali İrlandiya və Azərbaycana qarşı yaxşı oynaya bilərdik. Lakin hər iki qarşılaşmada xal itkisi ilə üzləşdik. Artıq bu görüşlər geridə qalıb, irəli baxmaq lazımdı. İndi bizi Norveç və Şimali İrlandiya ilə oyunlar gözləyir. Vacib matçlar olacaq. Fikrimcə, öhdəsindən gələ bilərik. Komandamızda çoxlu gənc oyunçu var. Çexiya futbolunun gələcəyinə görə narahat olmaq lazım deyil. Düşünürəm ki, qrupun növbəti görüşlərdə də yaxşı nəticəyə imza atıb, istəyimizə çatacağıq”.

 

Qeyd edək ki, C qrupunda Almaniya 15 xalla 1-ci, Şimali İrlandiya 10 xalla 2-ci, Çexiya 8 xalla 3-cü, Azərbaycan 7 xalla 4-cü, Norveç 3 xalla 5-ci, xala həsrət qalan San-Marino isə sonuncudu. 

0