[b]Lider[/b]
27.03.2017 - 14:30
[b]Lider[/b]

Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, 35 yaşlı müdafiəçi dünya çempionatlarının seçmə mərhələsində ən çox oyun keçirən futbolçumuz adına yiyələnib.

 

Belə ki, Almaniya ilə dünən baş tutan qarşılaşma (1:4) Rəşadın mundial yolunda 27-ci matçı olub. Bununla, Sadıqov yığmamızın yeni rekordçusuna çevrilib.

 

Bundestimlə matçadək isə Rəşad Mahir Şükürovla şərikli rekorda sahib idi. Onların hərəsi DÇ-lərdə 26 görüş keçirmişdi.

 

Maraqlıdı ki, Rəşadın yığma karyerası məhz DÇ-nin seçmə oyunu ilə başlayıb. 2001-ci il oktyabrın 7-də İsveç yığması ilə Solnada keçirilən qarşılaşmada yığmanın baş məşqçisi İqor Ponomaryov gənc müdafiəçiyə şans vermişdi. Həmin vaxt 19 yaşı olan müdafiəçi DÇ-2002-nin seçmə mərhələsində cəmi 1 oyun keçirdi.

 

DÇ-2006-da isə artıq komandanın liderlərindən birinə çevrilən Sadıqov 9 matçın iştirakçısı olub. Öncə Karlos Alberto Torres, onun istefasından sonra isə Vaqif Sadıqov müdafiəçiyə güvənib. 2004-cü il sentyabrın 4-də isə Uelslə Bakıdakı görüşdə futbolçumuz rəqib qapısına qol vurmağı da bacarıb.

 

DÇ-2010-un seçmə mərhələsində isə müdafiəçi cəmi 6 qarşılaşmada şans qazanıb.  Özü üçün mundiallarda 4-cü olan tsikldə - DÇ-2014-də Rəşad 8 oyunda iştirak edib.

 

Cari seçmə mərhələ kapitan üçün dünya çempionatlarında 5-cidi. San-Marino (1:0), Norveç (1:0) və Almaniya (1:4) ilə qarşılaşmalarda meydana çıxan Sadıqov digər iki matçı buraxıb. O, zədə səbəbindən Çexiya (0:0) və Şimali İrlandiya (0:4) səfərlərində komandaya kömək edə bilməyib. Bu tsikldəki 3 matçla hesabını 27 oyuna çatdıran müdafiəçi cəmi 1 qola sevinib.

 

Qeyd edək ki, yığmada 107 oyun keçirən müdafiəçi 56 seçmə və 51 yoxlama matçında iştirak edib. Seçmə oyunlarından 27-si DÇ, 29-u AÇ-lərə çərçivəsində baş tutub.

0