[b]Aqolli İtaliya ilə görüşdəki insidentdən danışdı[/b]
27.03.2017 - 17:04
[b]Aqolli İtaliya ilə görüşdəki insidentdən danışdı[/b]

“Çox ciddi vəziyyət yaranmışdı. Belə hallarda hakimlə ünsiyyət qurarkən ehtiyatlı olmaq lazımdı. Çünki bu, komandaya baha başa gələ bilər”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Albaniya yığmasının futbolçusu Ansi Aqolli deyib.

 

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilmiş İtaliya – Albaniya matçı (2:0) insidentlə yadda qalıb.

 

Belə ki, qonaq komandanın azarkeşləri pirotexniki vasitələr yandıraraq, onları meydana atıblar. Nəticədə hakim oyunu bir neçə dəqiqəlik dayandırmalı olub. Albaniya yığmasının futbolçuları fanatları sakitləşdirdikdən sonra isə referi matçı bərpa edib.

 

İnsidentlə bağlı ölkəsinin mətbuatına danışan Aqolli belə halla üzləşdiyinə görə təəssüfləndiyini bildirib. “Qarabağ”ın müdafiəçisi qalmaqal vaxtı hakimlə qurduğu dialoqunu açıqlayıb: “Oyunu pirotexniki vasitələrə görə dayandırdığını dedi. Mənə həmin şərtlər altında oynamağa davam edəcəyimiz halda, matçın başa çatmasının təhlükə altına düşəcəyini bildirdi. Belə vəziyyətin yaranmasına çox təəssüfləndim. Komanda yoldaşlarım kimi, mən də düşünməzdim ki, AVRO-2016-nın final mərhələsinə vəsiqə qazanıb tarix yazandan sonra belə durumla üzləşəcəyik. Bu, Albaniya futbolunun beynəlxalq arenadakı nüfuzuna xələl gətirdi. Halbuki, dünya futbolunda sözümüzü növbəti dəfə deməliyik”.

 

Qeyd edək ki, İspaniya, İtaliya, İsrail, Makedoniya və Lixtenşteynlə birlikdə G qrupunda mübarizə aparan albanlar 5 oyundan sonra 6 xal toplayaraq, turnir cədvəlində 4-cü pillədə qərarlaşıblar.

 

 

0