[b]“Voleybolçuların haqqını vermək lazımdı” - Zoran Qayiç[/b]
27.03.2017 - 17:32
[b]“Voleybolçuların haqqını vermək lazımdı” - Zoran Qayiç[/b]

“Komandamın bütün üzvlərini təbrik edirəm. Biz çempionluğa layiqik”. Apasport.az saytının məlumatına görə, bunu “Telekom”un baş məşqçisi Zoran Qayiç deyib.

 

Bakı təmsilçisi bu gün Azərbaycan çempionatının 2016/2017 mövsümünün qızıl medalını qazanıb. Super Liqada “Rabitə” ilə də çempionluq sevincini yaşayan serbiyalı mütəxəssis bildirib ki, komandası 4 dövrədən 3-də “Azərreyl”ə qalib gəldiyi üçün birinci yeri haqq edib: “Düşünürəm ki, “Telekom” layiqli şəkildə çempion oldu. Çünki əsas rəqibimiz olan “Azərreyl”lə 4 matçın 3-də biz, 1-də isə onlar qələbə qazandılar. Əgər pley-off olsaydı, 3:1 hesabı ilə qalib gələcəkdik. Voleybolçuların haqqını vermək lazımdı. Onlar bu 4 oyunun hər birini çox yaxşı keçirdilər, keyfiyyətli voleybol göstərdilər. Bu qarşılaşmaların da hər biri 5 setdən ibarət oldu. Onlarla ilk görüşdə 2:0 hesabı ilə önə keçsələr də, yekunda 3:2 hesablı qələbə qazandıq. Sonuncu matçda bizim üstünlüyümüz vardı, amma rəqib çataraq qalib gəldi. Bir sözlə, bu 4 görüşün hamısı voleybol bayramı idi”.

 

O, “İdman Azərbaycan”a açıqlamasında “Telekom”un gələcək planlarına da toxunub: “Hər şey rəhbərlikdən asılıdı. Gələcək planlar və qarşımıza qoyulacaq tapşırıqları bizə deməlidilər. Biz rəhbərliyin tapşırığını yerinə yetirməyə hazırıq. Məsələn, bu mövsüm qarşımıza Azərbaycan çempionu olmaq məqsədi qoymuşduq. Çempionlar Liqasında mübarizəni dayandırdıqdan sonra komandanı sırf qızıl medallar üçün hazırladıq. Əgər qitənin ən mötəbər klub turnirində oynamasaydıq, güclü komandalara qarşı 6 matç keçirməsəydik, “Azərreyl”ə 3:2 hesabı ilə qalib gələ bilməzdik. Çünki Çempionlar Liqasındakı iştirak bizə böyük təcrübə qazandırdı”.

 

Qeyd edək ki, bu çempionluq “Telekom”un tarixində ilkdi. 

0