[b]Ronaldo Peleyə yaxınlaşır, azərbaycanlıya çox var[/b]
29.03.2017 - 12:56
[b]Ronaldo Peleyə yaxınlaşır, azərbaycanlıya çox var[/b]

Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldo qollarını sıralamaqda davam edir. Apasport.az saytının məlumatına görə, ulduz futbolçu İsveçlə keçirilən yoldaşlıq görüşündə (2:3) bir dəfə fərqlənərək, millinin heyətində vurduğu qolların sayını 71-ə çatdırıb.

 

Bu qol Ronaldonun yığmada ən çox qol vuran futbolçuların sıralamasında ilk “10-luğ”a düşməsinə kömək edib. 32 yaşlı superulduz hazırda Kinnah Piri (Malavi), Majed Abdullah (Səudiyyə Ərəbistanı), Kiatisuk Senamuanq (Tailand) və Miroslav Kloze (Almaniya) ilə birlikdə aktivində 71 qolla 10-cu pilləni bölüşür.

 

Siyahıda portuqaliyalının önündə qərarlaşanlardan ən yaxını küveytli Bəşər Abdullah (75 qol) və əfsanəvi braziliyalı Peledi (77 qol). Həmçinin Ferens Puşkaş (Macarıstan, İspaniya) 84, Kunişiqe Kamamoto (Yaponiya) 80, Hüseyn Səid (İraq) isə 78 qolla yadda qalıb.

 

Millidəki qol sayında dünya rekordu isə İran yığmasının azərbaycanlı hücumçusu Əli Daeiyə məxsusdu. Hesabında 109 qol olan futbol veteranının göstəricisinə hələ heç yaxınlaşan da olmayıb.

 

Qeyd edək ki, Azərbaycan millisinin ən yaxşı bombardiri Qurban Qurbanovdu. O, yığmada çıxış etdiyi vaxt 14 qol vurub.

0