[b]Yunis Hüseynov: Yığmada cəmi bir futbolçunu tanıdım - MÜSAHİBƏ[/b]
29.03.2017 - 13:16
[b]Yunis Hüseynov: Yığmada cəmi bir futbolçunu tanıdım -  MÜSAHİBƏ[/b]

Millimizin sabiq yarımmüdafiəçisi, futbol mütəxəssisi Yunis Hüseynovun apasport.az saytına müsahibəsi

 

- Söhbətə əsas yığmadan başlayaq. Millimiz Almaniya ilə oyunda necə təsir bağışladı?

- Komandamız çox istəkli idi. 30 min azarkeşin stadiona gəlməsi futbolçulara əlavə motivasiya vermişdi. Vaxtilə futbol oynamış biri olaraq, onu deyə bilərəm ki, çoxlu azarkeş görəndə məndə də həvəs ikiqat artırdı. Futbolçularımızda da bunu hiss etdim. Amma unutmayaq ki, qarşımızdakı Almaniya yığması idi. Onlar son dünya çempionatında birinci yeri tutublar. Komandamız “vuruşdu”, 90 dəqiqə ərzində istəkli oynadılar. Millimizin bu matçdan xal götürməyini çox istəyirdik.

 

- Hesab 1:1 olanda fərdi səhvdən sonra ikinci qolu buraxdıq. Necə düşünürsüz, fasiləyə bərabərliklə yollansaydıq, nəyəsə ümid etmək olardı?

- Almaniya güclü komandadı. Lazım olan vaxt tempi artırıb, azaldırdılar. Fasiləyə 1:1 hesabı ilə yollansaydıq belə, almanlar ikinci hissədə bütün güclərindən istifadə edib, qol vura bilərdilər. Fasiləyə kimi 3 dəfə fərqləndiklərindən, ikinci yarıda topu özlərində saxlayaraq, çox güc sərf etmədilər. Amma yenə deyirəm ki, futbolçularımız döyüşkən oyun sərgilədilər. Azarkeşlər isə həddindən artıq super idi. Futbolçulara yaxşı dəstək verirdilər. Almaniyanı rəqibimiz saymamalıyıq. Bizim əsas rəqiblərimiz Şimali İrlandiya və Çexiyadı.

 

- Təxminən 2 ay yarımdan sonra Bakıda Şimali İrlandiya yığmasını qəbul edəcəyik...

- Bəli, bütün diqqətimizi bu oyuna yönəltməliyik. Almaniya ilə matçı unutmaq lazımdı. Çünki almanlar qrupun favoriti sayılırlar və onlarla başabaş oynayacaq dərəcədə gücümüz yoxdu. Amma Şimali İrlandiya və Çexiya kimi komandalarla oynamaq olar. Qrupda qeydə alınan nəticələr də bunu təsdiqləyir. Aramızda elə də çox xal fərqi yoxdu. Şimali İrlandiya və Çexiya ilə görüşlərdə bütün gücümüzü qoymaq lazımdı.

 

- Səfərdəki qarşılaşmada Şimali İrlandiyaya 0:4 hesabı ilə uduzmuşduq. Bakıda həmin məğlubiyyətin əvəzini çıxmaq mümkün olacaqmı?

- Şimali İrlandiya yığmasının oyun tərzi hər kəsə bəllidi. Onların standart vəziyyətləri təhlükəli olur. Amma sizə deyim ki, topla davranışa gələndə, bizimkilər onlardan yaxşıdı. Şimali İrlandiya millisi daha çox güc futboluna üstünlük verir. Robert Prosineçki Belfastdakı oyunu təhlil edəcək. Hansı taktika ilə oynamaq, nə etmək lazım olduğunu futbolçulara tapşıracaq. Mənə elə gəlir ki, Bakıda onlara qalib gələ bilərik. Sadəcə, standart vəziyyətlər zamanı həddindən artıq ehtiyatlı olmalıyıq.

 

- Seçmə mərhələnin ilk 3 oyununda 7 xal topladıqdan sonra azarkeşlərdə millinin qrup ikincisi olacağına dair inam yaranmışdı...

- Gəlin, bu inamı saxlayaq. Ümidimizi üzməyək. Həmişə ümidlə yaşamaq lazımdı. İndidən əlimizi-qolumuzu yanımıza salsaq, daha nə oldu? Qrup ikincisi olacağımıza mən də ümid edirəm. Bunun reallaşıb-reallaşmayacağını isə zaman göstərəcək. Millimiz ikinci yeri tutmaq üçün sona qədər mübarizə aparmalıdı.

 

- 21 yaşadək futbolçulardan ibarət yığmamız isə dünən türkiyəli həmyaşıdlarına yoldaşlıq görüşündə 0:4 hesabı ilə uduzdu. Ağır məğlubiyyəti nə ilə izah edərdiniz?

- Oyuna baxdım. Bütün qolları ikinci hissədə buraxdıq. Yığmamız zəif təsir bağışladı. U-21-də Mahir Mədətov istisna olmaqla, digər futbolçuları tanımadım.

 

- Milliləşdirilmiş futbolçuların da olduğu U-21 yoldaşlıq görüşündə bu hesabla uduzursa, nəyə ümid etmək olar?

- Xətirlərinə dəyməsin, amma mən o vaxt da demişdim ki, aşağı yaş qrupları üzrə yığmalardan əsas milliyə futbolçu gəlmir. Demək olar ki, yox dərəcəsindədi. Prosineçki hazırda hansı futbolçunu U-21-dən götürüb, öz komandasında oynada bilər? Mən elə oyunçu görmürəm. Belə danışanda da inciyirlər.

 

- Yeri gəlmişkən, U-21 son 4 görüşün 3-də qapısından 4 top buraxıb. Bu nədən xəbər verir?

- U-21 dünən yaxşı oynamadı. Çox səhv etdilər, zəif təsir bağışladılar. Bizim hədəfimiz AVRO-2020-in final mərhələsinə çıxmaqdı. İndi U-21-də oynayanlar gələcəkdə əsas millinin üzvləri olmalıdılar. Cavan uşaqların sırasında 1-2 nəfəri çıxmaq şərtilə, perspektivli oyunçu görmürəm. Türkiyə - Moldova görüşünü izlədim. Türklər gənclərlə oynadılar və qələbə qazandılar. Açıq-aşkar hiss olundu ki, onlarda güclü cavan oyunçular yetişir və tezliklə əsas millinin formasını geyinəcəklər. Bizdə isə hələ ki, bunu görmürəm.

 

 

 

 

 

0