[b]“Real”ın dəyərlərindən xoşum gəlmir” – “Barselona”nın futbolçusu[/b]
29.03.2017 - 14:10
[b]“Real”ın dəyərlərindən xoşum gəlmir” – “Barselona”nın futbolçusu[/b]

“Real”ın futbolçularına böyük hörmətim var, çoxu mənim dostumdu. Amma onların klubu barədə eyni fikirdə deyiləm. “Real”da heç vaxt oynamaram, bu klubun dəyərlərindən xoşum gəlmir”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Barselona”nın müdafiəçisi Xerard Pike deyib.

 

İspaniya millisinin üzvü yerli mətbuata açıqlamasında növbəti dəfə “Barsa”nın əzəli rəqibi “Real”ın ünvanına “daş atıb”. O, komanda yoldaşları Lionel Messi və Neymar haqqında vergidən yayınma iddiaları ilə əlaqədar qanuni müddəti başladan İspaniya dövlət vəkili Marta Silva de Lapuertanın “Santyaqo Bernabeu”dakı oyunları şərəf tribunasından izləməsini düzgün hesab etmir: “Real”da xoşlamadığım əsas şey bu ölkənin iplərini əlində tutanların şərəf tribunasında oturmasıdı. Messi və Neymarı şübhəli göstərən, ancaq Kriştianu Ronaldoya fərqli münasibət göstərən dövlət vəkili “Real”ın ev matçlarını şərəf tribunasında klubun prezidenti Florentino Pereslə birlikdə izləyir”.

 

30 yaşlı futbolçu hakimləri tənqid etdiyi üçün cərimələnməsi ilə bağlı suala da özünəməxsus şəkildə cavab verib: “Hakimlər nə vaxt mənim lehimə qərar veriblər ki? Mənimlə PSJ üzərində qazandığımız 6:1 hesablı qələbəni müzakirə edirsiniz. Nədənsə, ötən mövsüm Çempionlar Liqasının finalında Serxio Ramosun ofsayddan vurduğu qoldan danışan olmadı. Hakimlər məni haqsız yerə iki dəfə cəzalandırdılar. Mən onlardan yalnız yaxşı idarəçilik tələb etmişəm. Hakimlərdən ən çox xeyir görən komandaların “Barselona” və “Real” olduğu dəqiqdi. Mən yalnız bu iki komanda arasında müqayisə aparıram”.

 

Qeyd edək ki, bir neçə gün əvvəl də “Real”ın müdafiəçisi Serxio Ramos “Barselona”nı tənqid atəşinə tutmuşdu.

0