[b]Mübahisəli çempionluq, “Vidzev” ləkəsi və ya 8-ci yubiley [/b]
29.03.2017 - 14:49
[b]Mübahisəli çempionluq, “Vidzev” ləkəsi və ya 8-ci yubiley [/b]

80 illik yubileyini qeyd edən “Neftçi” mövsümü titulla başa vurmaq üçün son şansı olan kubokda növbəti matçına çıxacaq. Apasport.az saytının məlumatına görə, son iki mövsüm finalda uduzduğu “Qarabağ”la qarşılaşacaq bakılılar tarixində ilk dəfə yubileyi kubokla bitirə bilər.

 

Söhbət onillik yubileylərdən gedir. Yəni, 10, 20, 30, 40, 50, 60 və 70 yaşlarında ciddi nailiyyəti olmayan paytaxt təmsilçisi bu dəfə fərqlənməyə yaxındı. Düzdü, 5 ildən bir keçirilən yubileylərdə, xüsusilə də 55 və 75 illikdə uğurlar olub. Amma 10 ildən bir qeyd olunan əlamətdar tarixlər “ağ-qaralar” üçün adətən qara gəlib.

 

Əslində, əvvəlki 7 belə yubileyindən 5-ni SSRİ dönəmində qeyd edən komandadan həmin vaxt böyük uğur gözləməyə də dəyməzdi. Hərçənd, bir dəfə kubokun yarımfinalınadək irəliləmək mümkün olub.

 

Müstəqillik illərinə təsadüf edən 60 və 70 illik yubileylər də uğurlu olmayıb. Düzdü, 1996/97 mövsümünün sonu mübahisəli, hətta qalmaqallı çempionluqla nəticələnib. UEFA, sonradan PFL bakılıları çempion elan etsə də, qızıl medallar “Qarabağ”a verilib. Üstəlik, “Vidzev” faciəsi də yubiley ilində yaşanıb.

 

Sonuncu – 70 illik yubiley isə Qurban Qurbanovun baş məşqçiliyi ilə əldən verilən imkanlarla yadda qalıb. Çempionluq da, kubok da, elə avrokuboklarda mərhələ keçmək şansı da sonda itirilib.

 

“Neftçi” onillik yubileylərində

10 (1947). SSRİ çempionatının ikinci qrupunun Zaqafqaziya zonasında çıxış edən “Neftçi” yarışı 4-cü pillədə başa vurub. Kubokda isə zona mərhələsinin ilk oyununda mübarizəni dayandırıb.

 

20 (1957). B sinfinin III zonasında çıxış edən “ağ-qaralar” 3-cü yerlə kifayətlənib. Kubokda isə zona mərhələsinin 1/4 finalında yarışla vidalaşıb.

 

30 (1967). Bir il əvvəl tarixinin ən yaxşı nəticəsini göstərib, bürünc medallara yiyələnən “Neftçi” ümidləri doğrulda bilməyib. Komana yubiley ilini iki pillə geridə - 5-ci yerdə başa vurub. Kubokda isə yarımfinaladək irəliləyən bakılıları MOİK dayandırıb – 0:0, 0:2.

 

40 (1977). Yenidən qayıtdığı güclülər dəstəsindəki yubiley 13-cü yerlə nəticələnib. Kubokda isə 1/16 final səddi aşılmaz qalıb.

 

50 (1987). 16 ildən sonra ilk “onluq”da yer alan komanda 50 illiyini 9-cu pillədə qeyd edib. Kubokda isə 1/16 final səddi keçilməz qalıb.

 

60 (1997). Müstəqillikdəki ilk yubileyi mübahisəli çempionluqla əlamətdar olub. “Qarabağ”ın qızıl medal qazandığı, “Neftçi”nin çempion olduğu ilə “Vidzev” ləkəsi də vurulub. Çempionlar Liqasındakı debütü polşalılar korlayıb – 0:2, 0:8. Birlik kubokunda qrup sonuncusu olan bakılılar ölkə kubokunda 1/4 finalda dayanıb.

 

70 (2007). Son yubileyi əliboş başa vuran “Neftçi” çempionluğu “Şəfa” stadionunda “Olimpik”ə uduzmaqla “Xəzər Lənkəran”a verdi. Kubokda isə komanda yarımfinalda büdrədi. UEFA kubokunda Avstriya “Rid”i yubilyarı dayandırdı – 1:3, 2:1.

 

 

0