[b]“Qrupdan birinci yerdə çıxmalısınız” – Moldova millisinin baş məşqçisi[/b]
29.03.2017 - 21:16
[b]“Qrupdan birinci yerdə çıxmalısınız” – Moldova millisinin baş məşqçisi[/b]

“Bilirdik ki, rəqib çox güclüdür. Meydan sahbilərinin heyətində braziliyalılar var. Onlara qarşı şəxsi mübarizələr həmişə çətin olub. Oyunun əvvəlində bir az müqavimət göstərməyə çalışsaq da, sonradan individual mübarizədən sonra qolu buraxdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Moldova millisinin baş məşqçisi Vladimir Vusati deyib.

 

Yoldaşlıq oyununda millimizlə üz-üzə gələn şərqi avropalıların çalışdırıcısı 1:6 hesablı məğlubiyyətdən sonra fikirlərini bölüşüb: “Azərbaycan yığmasında ustalıq səviyyəsi yüksəkdi. Bizə gəlincə isə düşünürəm ki, rəqiblə müqayisədə çox da pis təsir bağışlamadıq. Ancaq 6 qol da çox ağır oldu. Komandamız tam heyətlə oynaya bilmirdi. 4 aparıcı futzalçımız meydana çıxmamışdı. Bütün hallarda rəqibin haqqını vermək lazımdı. Bizi dəvət etdikləri üçün də təşəkkür edirik. 4 il əvvəl də qarşılaşmışdıq. Onda da 6:1 hesabı ilə məğlub olmuşduq. Neynəmək olar? Sabahkı oyuna hazırlaşacağıq. Çalışacağıq ki, mümkün qədər dolğun oyun nümayiş etdirək və rəqibə maksimum müqavimət göstərək”.

 

- Azərbaycan millisinin qarşıdakı seçmə mərhələ üçün şanslarını necə dəyərləndirirsiniz?

- Məncə, qətiyyən hansısa problem axtarmağa dəyməz. Sizinlə oynamağa hazırlaşan bütün rəqiblər sonuncu dünya çempionatında necə çıxış etdiyinizi bilirlər. Birmənalı şəkildə düşünürəm ki, qrupdan birinci yerdə çıxmalısınız. Bizim üçün isə çətin olacaq. Qrupumzda Polşa, İspaniya, Serbiya kimi güclü komandalar var. Futzal belədi də, bəzən gözlənilməzliklər olur. Ancaq istənilən halda sizin qrup birincisi olacağınızı düşünürəm.

 

- Sabahkı oyunda komanda yorğun olacaq. Həm uzaq yol gəlib, həm də ardıcl iki gün oynamaq...

- Doğrudur, bir az hiss olunacaq.

0