[b]“O vaxt bizi heç kim tanımırdı” – Biro Jade[/b]
29.03.2017 - 22:30
[b]“O vaxt bizi heç kim tanımırdı” – Biro Jade[/b]

Moldova ilə oyundan sonra Azərbaycan millisinin baş məşqçisi Biro Jade apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Oyunla bağlı nə deyə bilərsiniz?

- İlk 5 dəqiqə ağır oldu, oyunçularda həyəcan var idi. Bu da ağır məşqlərin nəticəsi idi. Çünki gündə 2 dəfə fiziki məşqlər keçirdik. Hətta matçdan bir gün əvvəl futzalçılar bundan şikayətlənirdilər. Bu da təbii haldı.

 

- Nədən razı, nədən narazı qaldınız?

- Standart vəziyyətləri realizə edə bilməməyimiz məni narahat etdi. Uşaqlar gecikirdilər, topla düzgün hərəkət etmirdilər. Bunun üzərində məşq etmişdik. Amma dinamik və hərəkətli olmağımız xoşuma gəldi. Sürətli hücumlar qururduq. Heyf ki, yaratdığımız epizodları realizə etməkdə çətinlik çəkdik. Belə olan zaman rəqib bundan istifadə edir, qol vurmağa çalışır.

 

- Sabahkı oyunda hansısa dəyişikliklər etməyi düşünürsüz?

- 5 oyunçu ilə oynamağı sınaqdan keçirəcəyik. Bu gün də bunun üçün imkan var idi, amma özüm istəmədim. Sabahkı oyunda yoxlayacağıq. Məşqlərdə bunun üzərində çox işləmişik. Həm də rəsmi oyunlaröncəsi son matçımız olacaq. Hər şeyi özüm üçün dəqiqləşdirməliyəm.

 

- Milli dünya çempionatından sonra yoxlama oyunu keçirməyib. Bunun fəsadları hiss olunurdumu?

- Dünya çempionatında bizi heç kim tanımırdı. Amma bu gün necə oynadığımızı hamı bilir. Yoxlama oyunu keçirmədiyimiz az da olsa hiss olunurdu. Oyunçular bir-birini hiss etmirdi, əlaqə, anlaşma zəif idi. Heyətimizdə yeni oyunçuların olması da sözünü dedi. Əsas odur ki, fiziki hazırlığımız qaydasındadı.

 

- Bir neçə yeni futzalçıya şans verdiniz. Onların çıxışından razı qaldınızmı?

- Əlbəttə, razı qaldığım üçün bu gün heyətdə şans verdim. Amma üzərlərində işləməyə davam etməlidirlər. Gələcəkdə onların xidmətindən yararlanacağıq.

 

- Əsas mərhələdə qrupumuzda yer alan rəqiblərlə bağlı nə deyə bilərsiniz? Moldovanın baş məşqçi braziliyalıların çoxluq təşkil etdiyi komandaya qarşı mübarizə aparmağın çətin olduğunu qeyd edib...

- Macarıstanın baş məşqçisi ispandı, uzun müddətdi bu komandanı çalışdırır. Bizdə braziliyalılar çox olsa da, yerli oyunçulardan ikiqat üstün oynamalıdılar. Onların çoxluq təşkil etməsi qələbə üçün qarant deyil. Asan olmayacaq. Macarıstanın heyətində də ispan oyunçular var. Əlimizdən gələni edəcəyik ki, qrupdan birinci yerlə keçək. Həm də rəqiblərimiz yoldaşlıq oyunlarını çox oynayıblar, yaxşı hazırlaşıblar.

0