[b]“Öz səhvlərimizə görə xallar itirdik” - Nika Kvekveskiri[/b]
30.03.2017 - 11:38
[b]“Öz səhvlərimizə görə xallar itirdik” - Nika Kvekveskiri[/b]

“Çox oynadıqca, özümə inamım artır”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Qəbələ”nin futbolçusu Nika Kvekveskiri deyib.

 

Gürcüstan yığmasının da formasını geyinən 27 yaşlı yarımmüdafiəçi millinin bu ay keçirdiyi hər iki görüşündə iştirak edib. Belə ki, Kvekveskiri həm DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Serbiya ilə oyun (1:3), həm də Latviya ilə yoldaşlıq matçında (5:0) 90 dəqiqə meydanda olub.

 

Ölkəsinin mətbuatına açıqlama verən Nika bu görüşlərlə bağlı danışıb. O, əvvəlcə serblərə məğlubiyyəti şərh edib: “Serbiya ilə oyun ikili təəssürat yaradır. İlk hissəni çox yaxşı keçirdik. Buna baxmayaraq, yekunda məğlubiyyətlə üzləşdik. Amma səhvlərimizi gördük və bunun üzərində işləmək lazımdı. Növbəti oyunlarda belə səhvlər buraxmamalıyıq. Hazırkı yığma 3-4 futbolçunu çıxmaq şərtilə, çox gənc komandadı. Əksər oyunçuların yaşı 25-dən aşağıdı. Bu o deməkdi ki, onlar milliyə hələ uzun müddət xidmət edəcəklər. Bu komandanın gələcəkdə daha perspektivli olacağını əminliklə söyləmək olar. Gənc nəsil yetişir və mən Gürcüstan futbolunun gələcəyinə ümidlə baxıram”.

 

Kvekveskiri daha sonra Latviya ilə matç barədə fikirlərini bildirib: “Hamı bizim hücum futbolu oynaya bildiyimizi gördü. Azarkeşlərin tələb etdiyi baxımlı futbolu sərgiləmək gücündəyik. Serbiyaya məğlubiyyətdən sonra bu cür qələbə vacib idi”.

 

Millidəki çıxışını dəyərləndirən yarımmüdafiəçi söhbət əsnasında Gürcüstan yığmasının qrupdakı vəziyyətinə də toxunub: “Azarkeşlərin oyunumdan məmnun qalması məni sevindirdi. Millinin formasını geyinmək hər futbolçunun arzusudu. Mən də yığmada əlimdən gələni edirəm. Bəzən özümü yaxşı tərəfdən göstərirəm, bəzən isə yox. Fikrimcə, daha yaxşı oyun sərgiləyə bilərəm. Qrupdakı vəziyyətə gəlincə, bütün komandaların nəzəri şansı var. Amma bu faktdı ki, bizim qrupda güclü komandalar çoxdu. Geridəqalan oyunlarda istədiyimiz nəticəyə imza ata bilmədik. Öz səhvlərimizə görə xallar itirdik. Buna görə təəssüflənirəm”.

 

0