[b]İkinci qolu ondan gözləyin![/b]
30.03.2017 - 12:42
[b]İkinci qolu ondan gözləyin![/b]

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun maraqlı şakəri üzə çıxıb. Apasport.az saytının məlumatına görə, son vaxtlar yığmamızın liderlərindən birinə çevrilən milliləşən legionerin qol vurmaq anı bəlli olub.

 

Belə ki, Almaniya ilə DÇ-2018-in seçmə oyununda komandamız 0:1 hesabı ilə geridə olanda səhnəyə çıxıb bərabərlik qoluna imza atan 27 yaşlı futbolçunun öz zamanı var. Dmitri yığmadakı bütün qollarını da həmin vaxt vurur.

 

Söhbət Nazarovun millidəki qollarından gedir. O, bütün qollarını hesab 1:0 olarkən vurur. Özü də fərqi yoxdu, millimiz öndədi, ya geridədi. Əgər matçda artıq 1 qol vurulubsa, Nazarovun fərqlənəcəyini gözləmək lazımdı.

 

2014-cü il sentyabrın 9-da millidəki qol hesabını açan yarımmüdafiəçi Bolqarıstanla AVRO-2016-nın Bakıda keçirilən seçmə oyununda sevinmişdi. Onun bərabərlik qolu sonda 1:2 hesabı ilə uduzan yığmamıza xal üçün yetərli olmamışdı.

 

2015-ci il martın 28-də eyni seçmə mərhələsinin Malta ilə görüşündə Dmitri 2-ci dəfə qol sevinci yaşadı. Bu dəfə millimiz 1:0 hesabı ilə öndə olanda səhnəyə çıxan legioner 2:0-lıq qələbədə son nöqtəni qoydu. Bu, futbolçunun hesabı 2:0-a çatdırdığı yeganə qoldu.

 

Çünki Almaniya və Bolqarıstanla matçlardakı kimi digər üç qol da bərabərlik xarakteri daşıyır. 2015-ci il iyunun 7-də Serbiya ilə Avstriyadakı yoxlama oyununda 1:4 hesabı ilə uduzan, oktyabrın 10-da AVRO-2016-nın İtaliya ilə Bakıdakı görüşündə 1:3-ə üzülən yığmamızın heyətində də Nazarov fərqlənmişdi. Hər iki görüşdə Dmitri hesabda tarazlıq yaradıb.

 

Ötən il iyunun 3-də Avstriyada Kanada ilə heç-heçə edən millimizi məğlubiyyətdən məhz bu futbolçu xilas etmişdi.

 

Nazarovun 6 qolundan 4-nü Bakı, 2-si neytral meydan olan Avstriyada vurub. Onun rəqib qapısına yol tapdığı matçlarda 1 qələbə, 1 heç-heçə və 4 məğlubiyyət qeydə alınıb.

 

Maraqlıdı ki, Nazarov Almaniya ilə görüşlərdə bərabərlik qolunu vuran ilk futbolçumuzdu. Bundan əvvəl yığmamız iki dəfə Bundestimin qapısına yol tapsa da, həm Murad Hüseynov, həm də Vaqif Cavadov fərqləndiyi vaxt yalnız rəqibin üstünlüyünün fərqi azalmışdı. Sonuncu 0:4, Hüseynov isə 0:2 hesabı ilə uduzduğumuz vaxt almaniyalıların qapısına yol tapıb. 

0