[b]“Qalmaqal olmasaydı, yığmanızda çıxış edəcəkdim” - dopinqdə “ilişən” idmançı[/b]
05.04.2017 - 12:02
[b]“Qalmaqal olmasaydı, yığmanızda çıxış edəcəkdim” - dopinqdə “ilişən” idmançı[/b]

Azərbaycan millisinin sabiq üzvü, belaruslu çəkicatan Dmitri Marşinin apasport.az saytına müsahibəsi

 

- Artıq ikinci ildi Azərbaycan millisindən ayrılmısız. İşləriniz necə gedir və hansı sahədə çalışırsız?

- İnfeksion xəstəliklər xəstəxanasında çalışıram, mühəndisəm.

 

- Xəstəxanada niyə? Uzun illər idmançı kimi çıxış etdiyinizdən, məşqçi işləyəcəyiniz gözlənilirdi...

- Hazırda idmana hər hansı bağlılığım yoxdu. Yəni, məşqçi kimi çalışmıram.

 

- İdmandan getməyinizə səbəb nə oldu?

- Bunu yaşla izah edərdim. Yaşıma görə karyeramı başa vurdum.

Elə preparatlardan istifadə etdiyimi açıqladı ki, mən onların adını eşitməmişəm. Heç onların necə olduğunu bilmirəm. Əslində, onlar ikinci – B probunu da götürməli idilər. Amma təkcə, A probuna əsasən qərar verdilər

- İdmançı karyeranızı başa vurmağınız başa düşüləndi. Axı, bu sahədə məşqçi kimi çalışa bilərdiz...

- Mən çalışmaq istəyərdim. Amma hansısa təklif olmadı.

 

- Rio Olimpiadasından öncə qeyri-adi hadisə yaşandı. Normativi yerinə yetirməklə, Yay Olimpiya Oyunlarına lisenziya qazansanız da, Braziliyaya yollanmadınız. Bunun dəqiq səbəbini açıqlaya bilərsinizmi?

- Çıxış etməkdən bezmişdim. Onun üçün də karyeramı bitirməyə qərar verdim. Zədələrim vardı, belim ağrıyırdı.

 

- Hər halda, ikinci dəfə Azərbaycan adından Olimpiadaya getmək olardı. Sizdən hansısa uğur tələb olunmurdu.

- Əlbəttə, olardı. Amma ağrılar məşq etməyə, yüklənməyə imkan vermirdi. Orqanizmim də artıq gənc deyildi. Çalışmaq ağır idi.

 

- Beynəlxalq Antidopinq Agentliyi (WADA) dopinqdə “ilişən” idmançılarla bağlı siyahı açıqlayıb və sizin də 2015-ci ildə analizinizin müsbət nəticə verdiyi bildirilir. Bu nə dərəcədə doğrudu?

- WADA qanımda dopinq olduğunu açıqladı. Elə preparatlardan istifadə etdiyimi açıqladı ki, mən onların adını eşitməmişəm. Heç onların necə olduğunu bilmirəm. Əslində, onlar ikinci – B probunu da götürməli idilər. Amma təkcə, A probuna əsasən qərar verdilər. Mən də onlara yazdım ki, bu dərmanların adını ilk dəfədi eşidirəm və qəbul etməmişəm.

 

- WADA sizi 4 il müddətinə diskvalifikasiya edib. Azərbaycan yığmasında karyeranızın başa vurmağınızda dopinqin rolu olub?

- Bəli, bu dopinq qalmaqalı olmasaydı, yığmanızda çıxış edəcəkdim. Azərbaycanda məşqçi işləməyə də hazır idim. Çünki idman həyatımın mənasıdı. Amma xidmətlərim lazım olmadı.

 

- Siz dopinqdə hələ Rio Olimpiadasından əvvəl “ilişsəz” də, məsələ bu günlərdə yenidən gündəmə gəlib. Bunu gizlətməkdə və lisenziya qazananların siyahısından adınızın qəfil çıxarılması nədən irəli gəlirdi?

- Bilmirəm. Şəxsən mən bunu heç kəsdən gizlətməmişəm. WADA-nın rəsmi saytında da dərhal məlumat yerləşdirilmişdi.

 

- Belə demək olarmı ki, dopinq qalmaqalı olmasaydı Azərbaycan millisində məşqçi kimi çalışardız?

- Mən məşqçi işləyə bilərdim. Hətta çıxış da etmək istəyirdim. Amma yaş da artıq imkan verməyəcək.

 

- Bəs nə vaxtsa idmana qayıdıb, məşqçi işləmək istərdizmi?

- Əgər mənə belə bir təklif olsa, əlbəttə ki, məmnuniyyətlə qəbul edərəm. Bu sahədə ürəklə işləyərəm. Çünki öz növümdə peşəkaram və biliyimi uşaqlara öyrədə bilərəm.

 

- Bəs ölkəmizdən ayrıldıqdan sonra Azərbaycandan – federasiya, nazirlik, yaxud kimsə sizlə əlaqə saxlayıbmı?

- Çıxış etdiyim “Ümid” klubu ilə əlaqə saxladım. Ordan aldığım məlumata görə, Gənclər və İdman Nazirliyi klubun sponsorluq etməsini istəyib.

 

- Ölkəmizdən incik ayrıldınız? Federasiya və ya nazirlik bütün öhdəlikləri yerinə yetirdimi?

- Mən hər biri ilə “sülh”lə ayrıldım. Heç bir problem olmadı və bütün ödənişlərim də edildi.

 

0