[b]Qran-pridə ilk günün qazancı: 1 "bürünc" - YENİLƏNİB[/b]
07.04.2017 - 19:33
[b]Qran-pridə ilk günün qazancı: 1 "bürünc" - YENİLƏNİB[/b]

Bu gün cüdo üzrə Antalya Qran-prisinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışa 13 cüdoçu ilə qatılan komandamız ilk gündə 7 idmançı ilə mübarizə aparıb.

 

Kişilərin yarışında bir çəki dərəcəsində 2, qadınlarda isə 3 çəki dərəcəsində 5 həmyerlimiz tatami üzərinə çıxıb.

 

Kişilər

66 kq

Bu çəki dərəcəsində çıxış edən İlkin Babazadə mübarizəyə 1/16 final mərhələsindən start verib. Onun ilk rəqibi bosniyalı Petar Zadro olub. Həmyerlimiz rəqibinə şans verməyərək. mərhələ adlayıb. İkinci döyüşünü moldovalı Denis Vieruya qarşı keçirən Babazadə uğurunun ardını gətirə bilməyib və yarışla vidalaşıb.

 

Vüqar Şirinli də turnirə eyni mərhələdən başlayıb. Cüdoçumuz ilk olaraq özbəkistanlı Sərdor Nurillayevi sınağa çəkib. Təəssüf ki, o, startdaca məğlubiyyətə üzülüb. Rəqib ipponla qalib gəlib.

 

Qadınlar

48 kq

Aişə Qurbanlının ilk döyüşü 1/8 finala təsadüf edib. Çinli Çen Qyao ilə üz-üzə gələn idmançımız tatamidən qələbə ilə ayrılıb. O, 1/4 finalda Noa Minskerlə (İsrail) güləşib və ipponla uduzub. Qurbanlı təsəlliverici görüşdə kosovalı Fyolla Kelmendi ilə qüvvəsini sınayıb. Döyüş Qurbanlının qələbəsi ilə yekunlaşıb. O, bürünc medal üçün rusiyalı Səbinə Gilyazova ilə güləşib və məğlub olub.  

 

Gültac Məmmədəliyeva isə 1/8 finalda portuqaliyalı Maria Siderot səddini keçə bilməyib. Rəqib təmsilçimizdən üstün olub. 

 

52 kq

Bu çəkidə ölkəmizin idman şərəfini qoruyan Nəzakət Əzizova yerli İrem Korkmazla qarşılaşıb. Görüşü xeyrinə bitirən idmançımız 1/4 finalda israilli Gili Kohenlə mübarizə aparıb və məğlubiyyətə üzülüb. Maraqlıdı ki, təsəlliverici qarşılaşmada digər türkiyəli Damla Çalışkanı da mübarizədən kənarlaşdıran Əzizova bürünc medal uğrunda "ay-ulduzlular"ın daha bir üzvü Merve Taşa qalib gələrək millimizə ilk medalını qazandırıb.

 

57 kq

Leyla Şahin rus Aygül Kutsenko ilə güləşib. Dueldən şimal qonşumuz qalib ayrılıb.

 

Bu çəkidəki digər idmançımız Nərgiz Hacıyeva isə özbəkistanlı Sənubər Sultanova ilə qarşılaşıb. Cüdoçumuz rəqibi qarşısında 76 saniyə tab gətirə bilib. 

0