Berti Foqts: “Azərbaycan milli komandasının qarşısına ciddi tələb qoymaq olmaz”
08.04.2008 - 11:11
Berti Foqts: “Azərbaycan milli komandasının qarşısına ciddi tələb qoymaq olmaz”
- Cənab Foqts, Azərbaycan milli komandasına rəhbərlik etməyinizi macəraya bənzətmək olarmı?
- Azərbaycan Avropada yerləşir. Bu səbəbdən dünya çempionatının seçmə oyunlarında Avropa zonasında çıxış edəcəyik. Sizi arxayın edə bilərəm. Axı Frankfurtdan Bakıya birbaşa reys var. Cəmi 4 saata iş yerimə çatmağım mümkündür.
- Azərbaycanda sizinlə əlaqəni necə qurdular?
- Mənimlə hələ bir il əvvəl əlaqə yaratmışdılar. Amma həmin vaxt Nigeriya millisinə müqavilə ilə bağlı idim. Azərbaycanda çoxdandır yeni strukturların yaradılmasını planlaşdırıblar. Bu səbəbdən Almaniya Futbol İttifaqı ilə saziş də bağlanıb.
- Azərbaycan əvvəllər çalışdırdığınız Almaniya və Nigeriya yığmaları ilə heç bir sırada dura bilməz...
- Azərbaycanda hamıya məlumdur ki, milli komandanın dünya çempionatının seçmə mərhələsində şansları yox dərəcəsindədir. Orada ön planda digər məsələlər durur. Gənc rəhbərlik futbolun inkişafına yeni impuls vermək fikrindədir. Onların əsas məqsədi mənim təcrübəmdən yararlanmaqdır. Mən futbol müəllimiyəm. Bu, böyük futbol səhnələrindən uzaqda quruculuq işi ilə məşğul olmaq anlamına gəlir. Lissabonun “Benfika” klubuna portuqal dilini bilmədən necə gedə bilərdim? Orada erkən uğur istəyirlər. Ölkənin dilini bilmədən bu mümkün deyil. Azərbaycan isə tam fərqli profildə görüləsi işdir.
- Azərbaycanda hansı strukturları qurmaq istəyirsiniz?
- Artıq frankfurtlu mütəxəssis Bernard Lippert 17, 19 və 21 yaşlılardan ibarət yığmalarla işləməyə başlayıb. Qapıçılarla çalışacaq Uli Ştayn da mənə kömək edəcək. Mənim müqaviləm 2009-cu ilin dekabrınadəkdir. Seçmə mərhələ bitəndə indi gördüyümüz işlərin hansı nəticə verdiyini görə biləcəyik.
- İlk növbədə söhbət nədən gedir?
- Öncə öyrənməliyik. Burada söhbət Almaniya ilə qarşılaşmaların prinsipiallığından gedə bilməz. Azərbaycan üçün həmvətənlərimlə oyundan da vacib matçlar var. Onlar Rusiya ilə bir qrupdadır. Azərbaycandakı fikirlərə əsasən, həmin oyunda gözlənilməzliyə imza atmağı özlərindən söz etdirə bilərlər. Siz təsəvvür edə bilərsiniz ki, onların ciddi şansı olsun?
- Azərbaycanda da yığmanın şansı olmaması ilə artıq barışıblar?
- Dünya reytinqində 119-cu olan komandanın qarşısına ciddi tələb qoymaq olmaz. Axı rəqiblər köklü komandalardır. Almaniya və Rusiyanı qabaqlamaqla, qrupda lider olmaq haqda düşünməkdənsə, gedib loto oynamaq yaxşıdır. Bu səbəbdən söhbət başqa şeydən gedir. Məsələn, mən Şotlandiyaya gedəndə elə vəziyyətlə qarşılaşıram ki, gənc komanda yarada bilirəm. Və bu gün həmin komanda kifayət qədər uğurlu çıxış edir.
- Son iş yeriniz olan Nigeriyadan niyə ayrıldınız?
- Orada futbolçular mənə böyük sevinc bəxş edirdilər. Lakin nə vaxtsa şəxsi şərəfimi qorumalı idim. Jurnalistlərin təhqiramiz münasibəti ilə müqayisədə daha qeyri-adı hadisələr baş verirdi.
- Nigeriya ilə müqayisədə Azərbaycanda daha çox vaxt keçirəcəksinizmi?
- Əlbəttə.
- Niyə?
- Bunu sizə deməliyəm?
- Mümkündürsə...
- Azərbaycanda bir neçə futbolçu istisna olmaqla, digərləri yerli çempionatda çıxış edirlər. Nigeriyada isə belə deyildi. Futbolçuların Avropada çıxış etdiyi vaxt mənim Nigeriyada oturmağım mənasız olardı. İyunda Andorra ilə qarşılaşacağıq. Aprelin 13-də Azərbaycana gedirəm ki, komanda ilə tanış olum.
0