[b]İslamiada: Yığma komandalarla görüş keçirildi[/b]
14.04.2017 - 15:38
[b]İslamiada: Yığma komandalarla görüş keçirildi[/b]

“Cavid Qurbanov Azərbaycan Voleybol Federasiyasının prezidenti seçildikdən sonra çox qısa müddət ərzində böyük işlər görülüb. Kişilər arasında ölkə çempionatının final oyunları Naxçıvanda keçirildi, qadınlar arasında ölkə çempionatımız uğurla sona çatdı”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev deyib.

 

Bu gün Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov qadın və kişilərdən ibarət milli komandalarla, hakimlərlə, həmçinin qurumun işçiləri ilə görüşüb. Yığıncaqda qarşıdakı İslam Həmrəyliyi Oyunları, dünya çempionatının seçmə və Avropa çempionatının final mərhələləri bir daha müzakirə olunub.

 

Federasiya prezidentinə təşəkkürünü çatdıran Qarayev bildirib ki, komandalar üzərlərinə düşən məsuliyyəti yaxşı dərk edirlər: “Bu səbəbdən də əsas məqsəd yarışlara yaxşı hazırlaşmaq və qələbələr qazanmaqdı”.

 

Qadınlardan ibarət yığmanın meneceri Oksana Kurt deyib ki, ilk dəfədi ki, bu qədər gənc idmançı komandamızın düşərgəsinə dəvət olunub: “Birinci milli komanda aprelin 15-də Sloveniyaya təlim-məşq toplantısına, ikinci komanda isə Qubaya təlim-məşq toplantısına yola düşəcək”.

 

Kişilərdən ibarət yığmanın baş məşqçisi Fərid Cəlalov isə son 6 ayda gördüyü işlərdən danışıb. O bildirib ki, federasiyada rəhbər dəyişikliyindən sonra 6 komandadan ibarət ölkə çempionatı keçirilib və həlledici oyunlar Naxçıvanda baş tutub: “2 gündən sonra İsrailə təlim-məşq toplantısına yola düşəcəyik və mayın 6 Bakıya qayıdacağıq. Səfərdə bizi 9 yoldaşlıq görüşü də gözləyir. Bu gün əsas məqsədimiz İslam Həmrəylik Oyunlarında ölkəmizi layiqincə təmsil etməkdi”.

 

Tədbirdə Avropa çempionatının final mərhələsinin təşkil olunacağı Göy-Göl Olimpiya Kompleksində, Gimnastika Mərkəzində görülən və görüləcək işlərdən də danışılıb. Daha sonra İslam Həmrəylik Oyunlarına hazırlığın son mərhələsi müzakirə olunub. Bildirilib ki, İslamiadada 7 hakim də Azərbaycanı təmsil edəcək.

 

Yekunda Qurbanov bildirib ki, hər bir voleybolçu çalışmalıdı ki, yüksək nailiyyətlər qazansın: “Bizim üçün ən əsas sizlərin qazanacağınız uğurlardı. Biz isə sizin bütün problemlərinizi həll etməyə hazırıq. Bu il uğurlara imza atmanız üçün böyük şanslarınız var. Düşünürəm ki, idman sizin həyatınızdı. Bizlər həmişə sizinləyik, sizin yanınızdayıq”.

 

0