[b]"Bəzi klublar formalarına yalançı ulduz düzürlər"[/b]
17.04.2017 - 17:26
[b]"Bəzi klublar formalarına yalançı ulduz düzürlər"[/b]

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin apasport.az saytına müsahibəsi

 

- Premyer Liqada sona 2 tur qalmış, demək olar ki, yalnız 4-cü yer uğrunda mübarizə davam edir. Digər komandalar üçün mövsümü bitmiş saymaq olar. Ümumilikdə mövsümü qısaca necə dəyərləndirmək olar?

- Mövsümü yaxşı dəyərləndirmək olar. Hazırda Avropa Liqasına vəsiqə qazanmaq üçün dəridən-qabıqdan çıxan bir neçə komanda var. Bunun özü böyük marağa səbəb olur. Bundan başqa, çempionatımızın səviyyəsi aşağı olsaydı, bu il reytinqdə 33-cü pilləyə qalxmazdıq. PFL yarananda isə 100-cü yerdən aşağıda idik. Çempionatımızın səviyyəsi artıb ki, hazırda 33-cü yerdəyik.

 

- “İnter”in cari mövsümkü nəticəsi sizin üçün gözlənilməz olmadı? Nəzərə alaq ki, komanda çox çətinliklərlə üzləşdi...

- Açığı, mənim üçün gözlənilməz olmadı. “İnter”in heç də pis heyəti yoxdu. Sadəcə, iki transfer dönəmində oyunçu almaq hüququndan məhrum oldular və əllərindəki heyətlə və şəraitlə ilk “üçlüy”ə düşdülər. Məncə, “İnter”in baş məşqçisinə ilin məşqçisi adını vermək olar.

 

- “Qarabağ”a çempionluq kuboku nə vaxt təqdim olunacaq?

- Həmişəki kimi, mövsümün son matçında.

 

- Mayın 5-də Naxçıvanda keçiriləcək Azərbaycan Kubokunun finalında hansısa yenilik olacaqmı?

- Oyunun Naxçıvanda keçirilməsi özü bir yenilikdi. Proqramımız, demək olar ki, hazırdı. Ancaq sual verməyin, açıqlamayacam. Onda dadı qaçar.

 

- Deməli, azarkeşlərə sürpriz olacaq?

- İnşallah, olacaq. Biz həmişə istəmişik ki, azarkeşlər razı qalsınlar.

 

- Avropanın əksər ölkələrində 5 dəfə çempion olan komandaya rəmzi olaraq bir ulduz verilir. Bu da loqonun üzərində öz əksini tapır. Bu məsələni rəsmiləşdirmək planınızda varmı?

- Bu haqda düşünmüşəm. Elə komandalar var ki, özləri formalarına yalançı ulduz düzürlər.

 

- Məsələn, “Kəpəz” 3 dəfə çempion olub və loqosunun üzərində 3 ulduz var...

- Bu məntiqlə gərək “Neftçi” ilə “Qarabağ”ın formasında ulduz ikiqat çox olsun. Bu, düzgün deyil. Əgər bu gün Avropada çıxış etmək üçün dəridən-qabıqdan çıxırıqsa, bizdə də eyni vəziyyət olmalıdı. Bir çempionluğa bir ulduz əlavə etmək heç bir ölkədə yoxdu. Fikrimdə var ki, növbəti Konfransda bu məsələni gündəmə gətirim, buna birdəfəlik son qoyulsun. Aydın olsun ki, kim kimdi.

 

- Premyer Liqa klublarının sizə borcları varmı?

- Bəli, hamısının var. Versələr, yaxşı olar.

 

- Ötən mövsüm borclar “CBC Sport”dan əldə edilən yayım gəliri ilə sığortalandı. Bu dəfə borcu necə alacaqsız?

- Deyəsən, bu il ala bilməyəcəyik (gülür).

 

- “Turan Tovuz” I divizionun çempionu oldu və klub rəhbərliyi də Premyer Liqaya hazır olduqlarını bildirib...

- Hazırdılarsa, biz də qəbul eləməyə hazırıq.

 

- Ümumiyyətlə, I divizion komandalarından neçəsinin hazırkı durumu elitada iştirak etməyə imkan verir?

- Oyun barədə deyirsinizsə, heç birinin. Şəxsən mən heç birinin Premyer Liqa səviyyəsində oyun göstərdiyini görməmişəm. Ancaq hansı komandanın lisenziyası, bankdan təminat məktubu olacaqsa, o da iştirak edəcək. Sonra çempionatın gedişində sponsor axtarmamalıyıq.

 

Ruslan SADIQOV

0