[b]İslamiada: “Azərbaycana böyük gələcək vəd edən futbolçuları aparacağıq”[/b]
20.04.2017 - 16:24
[b]İslamiada: “Azərbaycana böyük gələcək vəd edən futbolçuları aparacağıq”[/b]

“Azərbaycandakı turnirə çox yaxşı şərtlər altında hazırlaşırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri 23 yaşadək futbolçulardan ibarət Kamerun yığmasının baş məşqçisi Riçard Tova deyib.

 

Gələn ay ölkəmizdə təşkil ediləcək İslam Həmrəyliyi Oyunlarında Kamerunun U-23 komandası Azərbaycan millisi ilə eyni qrupda mübarizə aparacaq. Rəqibin baş məşqçisi yerli mətbuata müsahibəsində komandasının hazırkı durumundan bəhs edib.

 

47 yaşlı mütəxəssis ölkəmizə iddialı gələcəklərini vurğulayıb: “Heyəti formalaşdırmaq heç də asan deyil. Çünki dəvət edə biləcəyimiz oyunçu sayı kifayət qədərdi. Əsas uşaqların bir-birilərinə və oyun sisteminə tez uyğunlaşmalarıdı. Gənc futbolçulardan təşkil olunsaq da, onlara güvənirik. Hazırlığın ikinci həftəsindən etibarən tempi artırmışıq. Texniki, taktiki planda böyük irəliləyişə nail olmuşuq. Bunun nəticəsi olaraq, Azərbaycandakı turniri uğurla keçirəcəyimizə inanıram. Digər məqsədimiz isə əsas milli üçün doğru futbolçular hazırlamaqdı. Azərbaycana böyük gələcək vəd edən futbolçuları aparacağıq. Öz üzərlərində çalışsalar, ulduz futbolçu ola bilərlər”.

 

Tova Avropada çıxış edən kamerunlu oyunçuların heyətə cəlb edilməsi variantının hələ də qaldığını söyləyib: “Hələ də bəzi problemlərin üzərində çalışırıq. Ancaq əminəm ki, yeni məşqlər və yoxlama görüşləri ilə qalan boşluqları da dolduracağıq. Təlim-məşq toplanışının uzun sürməsi İslamiadaya tam hazır olmağa zəmin yaradacaq. Bütün futbolçularımız qrup oyunlarında özünü yaxşı tərəfdən göstərmək üçün hazır olmalıdı. Çünki çox güclü komandaların cəmləşdiyi qrupa düşmüşük. Təəssüf ki, Avropada çıxış edən bəzi oyunçuların xidmətindən yararlana bilmirik. Düzdü, həmin futbolçular da yığmanın tərkibində yer almaq istəyirlər. Ancaq təəssüf ki, orda daxili çempionatlar davam etdiyi üçün bu, çətin görünür. Onların klubları ilə gələn həftə bu məsələni müzakirə edəcəyik. Yalnız bundan sonra Avropadakıların Azərbaycana gedib-getməyəcəyi bəlli olacaq”.

 

Qeyd edək ki, Azərbaycan, Səudiyyə Ərəbistanı və Mərakeşlə A qrupunda mübarizə aparacaq Kamerun ilk görüşünü mayın 8-də millimizə qarşı keçirəcək.

 

0