[b]İslamiada: Azərbaycan millisinin heyəti açıqlandı[/b]
21.04.2017 - 10:08
[b]İslamiada: Azərbaycan millisinin heyəti açıqlandı[/b]

Mayın 12-də Bakıda start götürəcək IV İslam Həmrəyliyi Oyunlarına qatılacaq gimnastika üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yarışın tarixində ilk dəfə baş tutacaq bu növdə ölkəmiz 10 idmançı ilə təmsil olunacaq.

 

Belə ki, bu dəfə Oyunlar çərçivəsində gimnastikanın 3 növü - bədii gimnastika, qadın və kişi idman gimnastikası üzrə yarışlar təşkil olunacaq. Yığmamızın heyətində Marina Durunda, Jalə Piriyeva, Zöhrə Ağamirova (hamısı bədii gimnastika), Yuliya İnşına, Marina Nekrasova, Mariya Smirnova, Yekaterina Tişkova (hamısı qadın idman gimnastikası), Murad Ağarzayev, Timur Bayramov və Bense Talas (kişi idman gimnastikası) medala iddia edəcəklər.

 

İslamiadada gimnastika üzrə ümumilikdə 14 ölkə təmsilçisinin çıxış edəcəyi gözlənilir. Mayın 12-də Oyunların açılış mərasimi günü Milli Gimnastika Arenasında start veriləcək gimnastika yarışlarına ayın 15-də yekun vurulacaq.

 

Proqrama əsasən mayın 12-də və 13-də bədii gimnastika üzrə təsnifat mərhələləri, 14-də ayrı-ayrı alətlər üzrə finallar olacaq.

 

İdman gimnastikası üzrə təsnifat günləri mayın 13-də və 14-də, ayrı-ayrı alətlər üzrə finallar isə mayın 15-də baş tutacaq. 

0