[b]Bakıda zədələnən futbolçu sağalmır[/b]
21.04.2017 - 11:12
[b]Bakıda zədələnən futbolçu sağalmır[/b]

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Andre Şürrle uzun müddətdi komandadan ayrı qalıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, ulduz futbolçunun zədəsi sağalmaq bilmir.

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində martın 26-da Bakıda keçirilən Azərbaycan - Almaniya qarşılaşmasının qəhrəmanı olan 26 yaşlı oyunçu ilə bağlı klubundan yeni açıqlama verilib. Məhz həmin görüşdə topuğundan xəsarət aldığı bildirilən Şürrle o vaxtdan bəri “Borussiya”nın heyətində meydana çıxa bilməyib. Klubun həkimləri onun hələ bir müddət də məşqlərdən kənarda qalacağını vurğulayıblar.

“Borussiya”nın baş məşqçisi Tomas Tuhel futbolçunun ağrılarının davam etdiyini deyib: “Təəssüf ki, Şürrle kollektivə bir az gec qoşulacaq. Çünki ayaq sümüyü hələ də ağrıyır”.

Almaniya KİV-i milli komandanın üzvünün cari mövsümdə meydana çıxmamaq ehtimalının olduğunu da əlavə edib.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən Azərbaycan – Almaniya matçında Andre Şürrle 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalmışdı. Bundestimin 4:1 hesabı ilə qalib gəldiyi oyunu futbolçu əvəz edilmədən keçirmişdi.

0