[b]Rövnəq Abdullayev:...AZAL aşağı dəstəyə düşəcək [/b]
22.04.2017 - 12:08
[b]Rövnəq Abdullayev:...AZAL aşağı dəstəyə düşəcək  [/b]

“Yaxşı muzeydi, yüksək fikirdəyəm. Hər bir sahədə olduğu kimi, idmanda, futbolda da tariximiz var. Tarixi göstərmək üçün ən yaxşı yer muzeydi”. Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.

 

“Neftçi”nin muzeyini seyr edən assosiasiya rəhbəri daha sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Abdullayev “Neftçi”nin atdığı addımı yüksək dəyərləndirib: “Çox sevinirəm ki, “Neftçi” klubu burda Azərbaycan futbol tarixinin muzeyini yaradıb. Məktəbliləri, gənc futbolçuları buraya cəlb etməliyik. Bu işi AFFA və "Neftçi" birlikdə təşkil etməlidi. Gənclər bu muzeyi görüb, gəzsələr, futbola sevgi və maraqları arta bilər”.

 

AFFA prezidenti Azərbaycan Premyer Liqasının növbəti mövsümündə neçə komandanın iştirak edəcəyinin hələ müəyyənləşmədiyini bildirib. O, elitanın sonuncusu AZAL-ın yüksək dəstədə saxlanılıb-saxlanılmayacağına da toxunub: “Növbəti mövsümdə Premyer Liqada neçə komandanın iştirak edəcəyi haqda hələ qərar verilməyib. Mövsüm bitəndən sonra bunu müzakirə edəcəyik. Lizensiya ala bilən bütün komandalar Premyer Liqada iştirak edəcək. AZAL sonuncu pillədə qərarlaşıb. Bu komandanın məsələsinə baxacağıq. Qaydalara əsasən, çempionatdan çıxmalıdı. Əgər I divizion klublarından lisenziya alan olsa, AZAL aşağı dəstəyə düşəcək. Aşağı liqadan neçə komandanın elitaya qalxacağını isə hələ bilmirik”.

 

Abdullayev sonda Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında cüdoçularımızın uğurlu çıxışı haqda fikir bildirib: “Əla nəticə göstərirlər. Hər birimizi təbrik edirəm. Artıq 4 medal qazanmışıq ki, bunlardan birinin əyarı qızıldı. Avropa çempionatının qızıl medalı çox dəyərlidi. Böyük uğurdu”.  

0