[b]Abdulbari Gözəl: Belə olmasa, komanda tənbəlləşər – MÜSAHİBƏ[/b]
23.04.2017 - 20:18
[b]Abdulbari Gözəl: Belə olmasa, komanda tənbəlləşər – MÜSAHİBƏ[/b]

“Qarabağ”ın prezidenti Abdulbari Gözəl “Sumqayıt”la oyundan sonra apasport.az saytının əməkadaşının da suallarını cavablandıraraq çempionluqdan danışıb.

 

- Çempionluq haqqında fikirlərinizi bildirin...

- Ardıcıl 4-cü dəfə çempion olmaqla Azərbaycanda rekorda imza atdıq. Arzumuz odur ki, Avropada da uğurlu çıxış edək. Biz Qarabağ üçün, Qarabağın adı üçün çalışırıq. Qarabağ da Azərbaycan üçündür. Ona görə də, Azərbaycan bayrağını Avropada təmsil etmək “Qarabağ” və “Azərsun” üçün böyük şərəfdir.

 

- Azarkeşlər kubokun Ağdama aparılmasını tələb edirlər. Buna əməl edəcəksinizmi?

- Bunu bir neçə dəfə danışmışıq. Kubokun ordan-ora, burdan-bura aparılması bizim üçün enerji itkisidir. “Qarabağ” təkcə Ağdamı yox, bütün Qarabağı təmsil edir. Ona görə də, enerjimizi almaq lazım deyil. Komandanın adını yaşatmaq lazımdı.

 

- Komanda bu dəfə nəhayət Çempionlar Liqasının qrup mərhələsinə düşə biləcəkmi?

- Biz artıq ona çalışırıq. Hər dəfə qapını döyürük. Bizi artıq ölkə daxilindəki qələbələr qane etmir. Çöldə əldə olunan nəticələr bizi qane edəcək. Hədəfimiz odur. Bu isə zaman istəyir, çalışmaq istəyir. Özünüz də bilirsiniz ki, vəziyyətimiz necə idi, futbolumuz hardan hara gəldi, inkişafdan kimin xidməti oldu. Hamısını bilirsiniz.

 

- ÇL qrupuna düşmək üçün daha güclü transferlər lazımdı. Növbəti mövsüm “Azərsun” olaraq buna dəstək olacaqsınızmı?

- Armenteros var idi bizdə. İndi Hollandiyada bombardirdi. Demək istədiyim odu ki, hər oyunçu gəldiyi yerdə uğurlu ola bilmir. Komandaya uyğunlaşmaq lazımdı.

 

- Siz də razısınızmı ki, son 4 çempionluq arasında sonuncu ən çətin oldu?

- Bu il “Qəbələ” çox ciddi rəqabət apardı. Digər rəqiblər də güclü idilər. Belə olması da yaxşıdı, əks halda, komanda tənbəlləşir.

 

- Kubokun finalından hansı nəticəni gözləyirsiniz?

- Nə deyə bilərəm ki? Nə olacağını birlikdə görəcəyik. Hamımız birlikdə orda olacağıq. 

0