Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında “bürünc” uğrunda yarşan millimiz texniki məğlubiyyətlə üzləşib. Apasport.az saytının məlumatına görə, Ukrayna ilə həlledici oyunun gedişində 3:0 hesabı ilə önə keçən yığmamız sonradan məğlubiyyətlə barışmalı olub.
Bu barədə saytımıza açıqlama verən Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbəri Elnur Əşrəfoğlu məğlubiyyətin səbəblərini açıqlayıb: “Bu mübarizəyə Məmmədəli Mehdiyev zədəli halda, iynə hesabına çıxmışdı. Matçın gedişində 3:0 hesabı ilə irəlidə olduğumuz üçün Mehdiyev rəqibə könüllü təslim olmaq istədi. Ancaq yeni qəbul edilmiş qaydalara görə, matçı bilərəkdən rəqibə güzəştə getmək komandanın texniki məğlubiyyətinə səbəb olur. Buna görə də hakimlər Ukrayna yığmasının xeyrinə 5:0 hesablı qalibiyyət qərarı verdilər”.