[b]Messidən 500-cü qol[/b]
24.04.2017 - 09:15
[b]Messidən 500-cü qol[/b]

İspaniya “Barselona”sının futbolçusu Lionel Messi Kataloniya klubunun heyətində 500-cü qolu vurub. Apasport.az saytının məlumatına görə. Yubiley qolu ölkə çempionatının “Real”la qarşılaşmasına təsadüf edib.

 

Komandasına 3:2 hesablı səfər qələbəsi gətirən qola imza atan argentinalı 2003-cü ildən şərəfini qoruduğu klubda mini yarılayıb. XXXIII turun matçınadək hesabında 498 qol olan Messi bu matçda 2 dəfə fərqlənib. Öncə hesabı 1:1 edən cənubi amerikalı 90+2-ci dəqiqədə qələbə qoluna sevinib.

 

“Barselona”nın heyətindəki 500 qoldan 343-ü ölkə çempionatı, 94-ü Çempionlar Liqası, 43-ü ölkə kuboku, 12-si İspaniya Superkuboku, 5-i klublararası dünya çempionatı, 3-ü UEFA Superkubokuna təsadüf edib.

 

Lionel bu qollardan 16-nı çempionatın “Real”la oyunlarında vurub. O, bu göstəricidə “Real”ın əfsanəsi Alfredo di Stefanonu (14) arxada qoyub.

 

Qeyd edək ki, Messi ardıcıl 31-ci “El-Klassiko”da iştirak edib. “Real”lı Pako Hentonun rekordu isə 35-ə bərabərdi.

0