[b]“Real” Madriddə başqa cür hakimliyə öyrəşib”[/b]
24.04.2017 - 10:25
[b]“Real” Madriddə başqa cür hakimliyə öyrəşib”[/b]

İspaniya çempionatının XXXIII turu çərçivəsində bütün diqqətlər “El-Klasiko”ya yönəlmişdi. Apasport.az saytının məlumatına görə, əzəli rəqiblər olan “Real” və “Barselona”nın budəfəki dueli kataloniyalıların qələbəsi ilə yekunlaşdı.

 

Luis Enrikenin komandası səfərdə 3:2 hesabı ilə qalib gələrək, çempionluq mübarizəsində vacib addım atdı.

 

Matçdan sonra hər iki komandanın üzvləri oyunla bağlı fikirlərini bildiriblər.

 

Luis Enrike (“Barselona”nın baş məşqçisi): “Hər iki komandanın qol epizodları ilə zəngin oyun oldu. Yaxşı formada olduğumuzu düşünürəm. Bu gün qələbə üçün bütün gücümüzü meydanda qoymalı idik. “Real” dünyanın ən yaxşı komandalarından biridi və heç kim buna şübhə etmir. Bu qələbəni Çempionlar Liqasında “Yuventus”la cavab matçından sonra bizə dəstək olan azarkeşlərimizə həsr edirik. Lionel Messi dünya futbol tarixinin ən yaxşı oyunçusudu. İnanın, mən futbolda çox şey görmüşəm. 500 qol onun üçün hədəf idi və Messi bunu bacardı. “Barselona” uzun illərdi ki, dahi klubdu. Amma bu komandanın tarixinin ən vacib hissəsi Messi ilə bağlıdı”.

 

Xerard Pike (“Barselona”nın müdafiəçisi): “Barselona” çempionluq mübarizəsində irəliyə addım atdı. Oyunun nəticəsini ədalətli hesab edirəm. Biz bu görüşdə “Real”ı ötdük. Serxio Ramosa gəlincə, həmin epizod təmiz qırmızı vərəqəlik idi. Ramos iki ayağı ilə tullanmışdı. Sadəcə, “Real” Madriddə başqa cür hakimliyə öyrəşib. Futbolçular elə bilirlər ki, onlara hər şey etmək olar”.  

 

İvan Rakitiç (“Barselona”nın xorvatiyalı yarımmüdafiəçisi): “Hər iki komanda oyuna yorğun çıxmışdı. Çünki 3-4 gün əvvəl Çempionlar Liqasında ağır matçlar keçirmişdik. Düşünürəm ki, qələbəyə layiq idik. İrəliyə doğru addımlamaq və İspaniya çempionatının qalibi olmağa çalışmaq lazımdı. Ramosun qırmızı vərəqə almasına gəlincə, 11 nəfərə qarşı daha yaxşı oynayırdıq. Serxionun meydanda qalmasını istərdim. Onda futbolçularımızda konsentrasiya daha yüksək olardı”.

 

Zinəddin Zidan (“Real”ın baş məşqçisi): “Şad ola bilmərik. Matç ərzində kifayət qədər qol şansı əldə etdik. Çoxlu qol epizodumuz oldu, amma oyunu nəzarətə almağı bacarmadıq. Nəticədən narazıyıq. Meydanda 10 nəfərlə qala-qala hesabı 2:2 edirsənsə, bir qədər müdafiə barədə də düşünmək lazımdı. Messi 2 qol vuraraq, komandasına qələbə qazandırdı. Oyunun videoyazısına baxacam. Amma heç nəyi dəyişmək istəməzdim. Çempionatda hələ xeyli görüş var və biz bu barədə düşünməliyik.

 

Marselo (“Real”ın braziliyalı müdafiəçisi): “Səhv etdim, amma bu hal hər futbolçunun başına gələ bilər. Günahı öz üstümə götürürəm. Hesab 2:2 olandan sonra da hücumlarımızı davam etdirdik. Düşündük ki, top qapımızdan nə qədər uzaqda olsa, bir o qədər yaxşıdı. Hakimlik barədə danışmaq istəmirəm. Ramosun meydandan qovulması? Düşünmürəm ki, bu, çempionluq mübarizəsində bizə təsir edəcək. Amma bütün futbolçuların hazır olmasını istərdik”.

 

Toni Kroos (“Real”ın almaniyalı yarımmüdafiəçisi): “Arada futbol durğunluq yaradır. Amma göstərdiyimiz oyun məni qürurlandırır”.

 

Daniel Karvahal (“Real”ın futbolçusu): “Ramosun qırmızı vərəqə alması oyunun nəticəsinə təsir etdi. Azlıqda qalmağımıza baxmayaraq, hesabı bərabərləşdirə bildik. Amma son saniyələrdə uğursuzluq yaşadıq və məğlub olduq. Bəxtimiz gətirmədi. Messi oyunu yaxşı keçirdi. “Barselona”nı qələbə münasibətilə təbrik etməliyik. Lakin bizim komanda da əla mübarizə göstərdi və yaxşı qol imkanları əldə etdi. Sakit olmalıyıq. Qarşıda hələ çox oyun var. Ehtiyatda bir görüşümüz qalıb. Həmin matçda mütləq qələbə qazanmalıyıq. Çempionluğun taleyi bizdən asılıdı”.

 

 

0