[b]“Zirə”nin çox güclü baş məşqçisi var” - Akim Latifu[/b]
24.04.2017 - 11:18
[b]“Zirə”nin çox güclü baş məşqçisi var” - Akim Latifu[/b]

“Neftçi” ilə oyunda (2:2) komandasının ikinci, özünün isə bu klubda ilk qolunu vuran “Zirə”nin nigeriyalı müdafiəçisi Akim Latifunun apasport.az saytına müsahibəsi

 

- Vurduğunuzun qolun hesaba alınmayacağına təəssüflənirsinizmi?

- 90 dəqiqə çox gərgin mübarizə şəraitində keçdi. Aşağı pillələrdə yer almasına baxmayaraq, çempionatın ən yaxşı komandalarından olan “Neftçi” ilə qarşılaşırdıq. Vəziyyət bizi qələbə qazanmağa məcbur edirdi. Əslində, buna çox yaxın idik, amma son saniyələrdə hesabdakı üstünlüyümüzü əldən verdik. Vurduğum qola gəldikdə, əlbəttə, sevinirəm. Amma əsas komandanın uğur qazanmasıdı.

 

- Cari çempionatda “Neftçi” sizi məğlub edə bilmədi. Deyəsən, rəqibin zəif “damarı”nı tapmısınız?

- Bunu baş məşqçimiz bilər. Komandamızın çox güclü baş məşqçisi var. O, rəqibi yaxşı analiz edir və bizə necə oynamalı olduğumuzu düzgün başa salır. Təbii ki, biz də yaxşı oynayırıq, mübarizə aparırıq. Heç bir nəticə havayı əldə edilmir. Onun arxasında zəhmət, alın təri dayanır.

 

- Son dəqiqədə ciddi səhvə yol verdiniz və az qala rəqibin qol vurmasına kömək edəcəkdiniz...

- Çox ciddi səhv idi. Həmin anda nəsə etmək istəyirdim. Bir anlıq gecikdim. Sonra qapıçımız da irad bildirdi ki, niyə topu uzaqlaşdırmırsan? Əslində, elə etmək istəyirdim.

 

- Heç-heçə ilə nəticələnən oyuna görə aktivinizə 3 xal yazılacaq. Rəqibin texniki səhvə yol verdiyini nə vaxt bildiniz?

- Oyundan sonra öyrəndik. Hakimin fitindən sonra qələbəni əldən verdiyimizə görə əsəbləşmişdim. Hətta kənara çəkildim ki, üzüntümü heç kim görməsin. Amma baxdım ki, komanda yoldaşlarım sevinir. Sən demə, rəqib əvəzetmə zamanı limiti pozub, buna görə də onlara texniki məğlubiyyət veriləcək.

 

- Karyeranızda belə bir halın şahidi olmuşdunuz?

- Açığı, ilk dəfə bu cür vəziyyətlə qarşılaşıram. İndiyə qədər rastlaşmadığım haldı. Bəs rəqib bunu nə ilə izah etdi?

 

- Dedilər texniki səhvdi, oldu. Yeri gəlmişkən, avrokuboklara vəsiqə qazanmaq tapşırığını, demək olar ki, 90 faiz həll etmisiniz...

- AZAL-la oyuna elə çıxmalıyıq ki... Taleyimiz bu görüşümüz nəticəsindən çox asılıdı. Heç-heçə də kifayət edəcək, amma bunun üçün mübarizə aparsaq, uduza bilərik. Vaxtımız var, özümüzə gəlib, qələbə qazanmaq üçün oynayacağıq.

 

- Müqaviləniz başa çatır. “Zirə”li günləriniz davam edəcək, yoxsa başqa kluba keçəcəksiniz?

- Bu işlə menecerim məşğul olacaq. Bu günə qədər müqavilə ilə bağlı bir söz deyilməyib. Komandada kimin qalacağı AZAL-la oyundan sonra bilinəcək.

 

0