[b]İslamiada: “Hazırlıq işləri tamamlanmaq üzrədi” [/b]
24.04.2017 - 17:48
[b]İslamiada: “Hazırlıq işləri tamamlanmaq üzrədi”  [/b]

“Hazırlıq işləri tamamlanmaq üzrədi. Yarışın keçiriləcəyi məkan, məşq yeri, idmançıların soyunub-geyinmə, referilər üçün istirahət, həmçinin media otaqları, demək olar ki, hazırdı. Bir sözlə, son tamamla işləri gedir”. Apasport.az saytının məlumatına görə, bunu “Kristal Zal-2”nin əməliyyat işləri üzrə baş meneceri Orxan Əfəndiyev deyib.

 

Mayın 12-dən 22-dək Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi bu gündən yarışların keçiriləcəyi obyektlərlə tanışlıq turuna start verib. Onlar KİV nümayəndələrini öncə “Kristal Zal”a aparıb, burda son vəziyyətlə tanış edib.

 

Belə ki, “Kristal Zal” 2 hissəyə bölünüb. Burda 3 idman növü üzrə yarışlar təşkil olunacaq. İslam Həmrəyliyi Oyunları çərçivəsində “Kristal Zal-1”də kişi və qadınlar arasında voleybol, “Kristal Zal-2”də boks və zorxana yarışları təşkil ediləcək. Boksçuların mübarizəsi mayın 12-18-nə, zorxanaçıların görüşləri ayın 20-21-ə təsadüf edəcək. Voleybolçular isə mübarizəyə mayın 11-dən başlayacaqlar. Hər 2 qalibin adı mayın 21-də bilinəcək.

 

Əfəndiyevin sözlərinə görə, yarışa kimi hər şey həllini tapacaq: “Hər şey sürətlə davam edir. Mən Bakı-2015-də də burda işləmişəm. Hətta deyərdim ki, həmin vaxtdan da sürətlə hazırlaşırıq”.

 

Baş menecer bildirib ki, voleybol yarışlarını maksimum 2200 nəfər, boks və zorxana turnirlərini 1600 nəfər izləyə biləcək.

 

O, “Kristal Zal-2”yə idmançıların buraxılacağı tarixi də açıqlayıb. Əfəndiyev qeyd edib ki, boksçular yarışdan bir gün öncə - mayın 11-də zalla tanış olacaqlar.

 

İslamiadanın boks üzrə meneceri Fərhad Acalov isə bu növ üzrə hazırlıqlardan danışıb. Veteran boksçu bildirib ki, hər şey qaydaya uyğun gedir: “Hazırlıqlar yekunlaşmaq üzrədi. Bu həftə son avadanlıqlar da “Kristal Zal”a gətirilir. Onlar quraşdırıldıqdan sonra yarışın startına hazır olacağıq”.

 

Acalovun sözlərinə görə, boks yarışında təxminən 30-a yaxın ölkənin 150-160 boksçusunun iştirakı planlaşdırılır.

 

O, Azərbaycan millisinin heyətinin isə hələ tam müəyyənləşmədiyini də sözlərinə əlavə edib: “Bəzi çəkilərdə sınaq döyüşləri olacaq. Tam siyahı yəqin ki, yarışa 1 həftə qalmış müəyyənləşəcək”.

 

Yığmamızın təlim məşq-toplanışının davam etdiyini vurğulayan mütəxəssis komandamızdan böyük uğur gözlədiyini də deyib.

 

0