[b]Şəfaqət Həbibova: Çox təəssüf ki, alınmayacaq [/b]
25.04.2017 - 09:57
[b]Şəfaqət Həbibova: Çox təəssüf ki, alınmayacaq  [/b]

“Əməliyyatdan sonrakı vəziyyətim qənaətbəxşdi”. Bunu apasport.az saytına Azərbaycan millisinin voleybolçusu Şəfaqət Həbibova deyib.

 

26 yaşlı toppaylayıcı artıq məşqlərə start verib. 2016/2017 mövsümünün gedişində zədələnən və əməliyyat olunan Həbibova artıq millimizin təlim-məşq toplanışına qoşulub. O, gənclər yığması ilə hazırlıqda əvvəlki formasını bərpa edəcəyini inanır: “Müalicəmlə əlaqədar təlim-məşq toplanışına sonradan qoşuldum. Bildiyiniz kimi, biz ikinci komanda olaraq, Qubada hazırlıqdayıq. Adnan Kistak, Vüqar Əliyev və Mixail Solovyovdan ibarət məşqçilər korpusunun rəhbərliyi altında təlim-məşq toplanışımız yüksək səviyyədə keçir. Düzdü, mən səhhətimlə bağlı hazırlıqda verilən tapşırıqları tam icra edə bilmirəm. Amma məşqçilərimiz mənə vaxt ayıraraq, toplarla işləməyə kömək edirlər. Onlara şəxsi hazırlığımda mənə dəstək olduqları üçün təşəkkür edirəm. Tezliklə əsas milliyə qoşulacağıma ümid edirəm”.

 

Həbibova vurğulayıb ki, mayın 12-22-də Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında yığmamıza kömək edə bilməyəcək: “Çox istərdim ki, bu yarışda komandamızla birgə olum. Onlara kömək edim. Lakin çox təəssüf ki, alınmayacaq”.

 

Yığmamıza İslamiadada uğurlar arzulayan toppaylayıcı voleybolçularımızın tarixə düşəcəyinə inam da ifadə edib.

 

Qeyd edək ki, Şəfaqət mövsümün sonunda zədə səbəbindən “Azərreyl”ə də kömək edə bilməmişdi. 

0