[b]“Çempion olmaq üçün hər şey edəcəm” - Kamran Şahsuvarlı[/b]
25.04.2017 - 10:41
[b]“Çempion olmaq üçün hər şey edəcəm” - Kamran Şahsuvarlı[/b]

Azərbaycan millisinin boksçusu Kamran Şahsuvarlı (75 kq) İslam Həmrəyliyi Oyunlarına hazırlıqdan danışıb. Rio-2016-nın bürünc medalçısı apasport.az saytının da suallarını cavablandırıb.  

 

- Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarına çox az vaxt qalıb. Məşqlər necə gedir və komandanı yarışa hazır saymaq olarmı?

- Hazırlığımız yaxşı gedir. 3-4 gündü Qəbələdən təlim-məşq toplanışından qayıtmışıq. Təxminən 1 ay orda hazırlaşdıq. Komanda əla vəziyyətdədi. İnanıram ki, yaxşı nəticələr olacaq. Yığma olaraq, çoxlu qızıl medallar qazanmaq istəyirik və buna da ümid edirik. Proqnoz verə bilmərəm. Amma yəqin ki, 5-6 qızıl medal qazanacağıq.

 

- Olimpiya Yay Oyunlarında ilk cəhdinizdə fəxri kürsüyə yüksəldiz. Riodan bürünc medalla dönduz. İslamiadada da güclü boksçuların olduğunu nəzərə alsaq, şəxsi hədəfiniz nədi?

- Əsas məqsədim qızıl medal qazanmaqdı. Ona da vətənimizdə nail olmaq istəyirəm. Çempion olmaq üçün hər şey edəcəm.

 

- Azərbaycan millisinin tam heyəti hələ açıqlanmayıb. Buna baxmayaraq, artıq demək olarmı ki, 75 kq çəki dərəcəsində ölkəmizi siz təmsil edəcəksiz? Yoxsa bu çəkidə də rəqabət var?

- Gənclər var və bu səbəbdən də rəqabət var. Amma çalışacam ki, İslam Həmrəyliyi Oyunlarında özüm vuruşum.

 

- Rəqibləriniz barədə fikirləriniz maraqlıdı. Artıq onları analiz etmisizsə, hansını daha arzuolunmaz hesab etmək olar?

- Bu yarışa biz yeni baş məşqçi – ukraynalı Leonid Loivski hazırlayır. Fikrimcə, əsas rəqiblərimiz Qazaxıstan və Özbəkistan boksçuları olacaqlar. Onlarla beynəlxalq arenalarda da tez-tez qarşılaşırıq. Hər bir komandaya qarşı işləyirik və onların çoxunu da tanıyırıq.

 

- Yəqin ki, hazırlığın son mərhələsini Bakıda keçəcəksiz. Təlim-məşq toplanışında hansısa yığma ilə birgə hazırlıq nəzərdə tutulubmu?

- Bəli, məşqləri  aprelin 25-dən Bakıda davam etdirəcəyik. Ancaq başqa yığmalarla birgə hazırlıq keçib və ya keçməyəcəyimizlə bağlı məndə məlumat yoxdu.

 

0