Mehman Yunusov: “AFFA məni yox, Rövşən Əhmədovu cəzalandırmalıdır”
09.04.2008 - 15:09
Mehman Yunusov: “AFFA məni yox, Rövşən Əhmədovu cəzalandırmalıdır”
Onun sözlərinə görə, Azərbaycan Premyer Liqasının hesabat turunda “İnter”ə uduzduqları oyunun protokolunda yazılanlar doğru deyil: “Guya, hakimləri nalayiq sözlərlə təhqir etmişik. Qurana and olsun ki, belə şey olmayıb”. M.Yunusov bildirib ki, “İnter”in vurduğu iki qol qaydalar çərçivəsində olmayıb: “İlk qolda qapımıza təyin edilən penalti zərbəsi səhv idi ki, bu da təsdiqlənib. Əslində, qapımıza üçüncü qol da qaydalar çərçivəsində vurulmayıb. Rəqib futbolçu iki metr irəlidə ofsaydda idi. Sadəcə, oyunun videoyazısında bu, dəqiq görünmür”. R.Əhmədovun idarəçiliyinə görə 6 bal aldığını qeyd edən M.Yunusov onun cəzalandırılmasını daha düzgün sayıb: “Rövşəni cəzalandırmaq əvəzinə mən bu aqibətlə üzləşirəm. Matçın protokolunda qapımıza vurulan ilk və üçüncü qolla bağlı narazılığımızı yazmışıq. Əhmədov də bunu görüb, bizdən əvəz çıxmaq qərarına gəlib. Əslində, o, bizə böhtan atıb”.
Qeyd edək ki, Nizam-İntizam Komitəsinin qərarı ilə “Karvan”ın məşqçiləri Mehman Yunusovla Nadir Şükürov 4 oyunluq cəzaya, klub isə 8000 manatlıq cəriməyə məruz qalıb. Yevlaxlılar bununla bağlı AFFA rəhbərliyinə şikayət edib.
0