“İnter” klubunun hücumçusu Rauf Əliyevin apasport.az saytına müsahibəsi
- Premyer Liqanın XXVII turunda “Qəbələ”yə 3:4 hesabı ilə məğlub oldunuz. Halbuki, belə maraqlı mübarizə gözlənilmirdi...
- Açığı, “Qəbələ” 2-ci, biz isə 3-cü yeri təmin etdiyimiz üçün matçın bu dərəcədə maraqlı keçəcəyini gözləmirdim. Amma bol qollu, gözəl oyun oldu.
- Mövsüm ərzində bir çox çətinliklərlə üzləşən “İnter” bürünc medal qazandı. Bunların fonunda 3-cü yer böyük uğur sayılmalıdı, yoxsa bundan artığını edə bilərdiniz?
- Çempionatın startında qarşımıza qoyulan hədəf Avroliqaya vəsiqə qazanmaq idi. Bunun da öhdəsindən gəldik və istədiyimiz yeri tutduq. Mövsümün əvvəlindən bəri kifayət qədər problemlər yaşadıq. Bunlar olmasaydı, daha artığını edə bilərdik. İndiki vəziyyətdə isə 3-cü yeri tutmaq bizim üçün böyük nailiyyətdi.
- Ruslan Abışov və Ağabala Ramazanov qış fasiləsindən sonra da komandada qalsaydılar, mövqeyinizdə bir dəyişiklik olardımı?
- Hər iki futbolçunun komandaya xeyri dəydi. Amma futbolda əsas amil maliyyədi. Pul olmadıqdan sonra çətindi. Bizdə də maliyyə baxımdan o qədər problemlər oldu ki... Buna baxmayaraq, uşaqların hamısı sona kimi canla-başla mübarizə apardılar. Hamımız meydana ayaq basanda kənar amilləri unutduq, öz oyunumuzu göstərdik.
- Bu mövsüm yenidən əvvəlki Rauf Əliyevi izləyə bildik. “İnter”də fərqli nə var idi ki, öz oyununuzu burda tapa bildiniz?
- Düşdüyün mühitdən çox şey asılıdı. “İnter”də çox yaxşı kollektivin içindəyəm. Uşaqlar sağ olsunlar, özümü göstərə bilməyim üçün çox kömək elədilər. “İnter”də mənim üçün hərtərəfli yaxşı alındı.
- “Qəbələ” ilə görüşdə dubl edərək, qollarınızın sayını 11-ə çatdırdınız və Filip Ozobiçlə birlikdə bombardirlik yarışına başçılıq edirsiniz. Yəqin ki, son tur sizin üçün mövsümü xorvatiyalıdan öndə tamamlamaq baxımından vacibdi...
- Əlbəttə, hər bir hücumçu bombardir olmağı arzulayır. İndi mən də buna çox yaxınam. Mövsümü bombardir kimi tamamlamağı çox istəyirəm. Bilirəm ki, bu, çətin olacaq. Çünki “Kəpəz” Avroliqaya vəsiqə qazanmaq şansını qoruyur və bunun üçün “döyüşəcək”. Biz isə 3-cü yeri təmin etdiyimiz üçün matça rahat çıxacağıq. Meydança amili və səfərə yollanmağımız işimin çətin olacağından xəbər verir. Amma qol vurub, bombardir olmaq istəyirəm.
- Son vaxtlar milli komandada hücumçuların sayı artıb. Qarşıda isə yığmamızın Şimali İrlandiya ilə prinsipial görüşü olacaq. Həmin qarşılaşmaya dəvət gözləyirsinizmi?
- Çağırsalar da, çağırmasalar da sağ olsunlar. Hamı millidə çıxış etmək istəyər. Mən də nə zaman dəvət almışamsa, gedib canla-başla mübarizə aparmışam. Amma çağırılmasam, mənə bir o qədər mənfi təsir etməz. Çünki artıq öyrəşmişəm. Yığmaya dəvət edilməyəndə fikir eləmirəm, ürəyimə salmıram.
- “İnter”lə müqavilə müddətiniz gələn ilin yayına qədərdi. Klubun rəhbəri Rəmiş Malıyev qalmaq istədiyinizi bildirib. Gələn mövsümü də “İnter”də keçirəcəksiniz, yoxsa ayrılmağı düşünürsünüz?
- Hazırkı vəziyyətdə komandada qalmaq çətin məsələdi. Çünki klubun gələcək taleyi qaranlıqdı, sabah nə olacağı bilinmir. Söz verirlər ki, yaxşı olacaq. Amma problemlər çoxdu, üstəlik, bəzi futbolçular artıq başqa klublarla anlaşıblar. “İnter”in gələn mövsümlə bağlı planlarını bilməliyəm. Açığı, indiki vəziyyətdə iddialı olacağını da gözləmirəm. Bəlkə transfer qadağası ləğv edilər və güclü oyunçular alınar, bu başqa məsələ. Mən də gözləyirəm. Hələ bir qərar verməmişəm. Amma bu vəziyyətdə qalmaq çox çətindi. Hər bir futbolçu iddialı komandada oynamaq istəyər.
- Başqa klublardan təkliflər varmı?
- Təkliflər var, amma bir qərar verməmişəm, həmin klublarla danışıq aparmamışam. Hələ ki, gözləyirəm. Çünki düşünmək üçün kifayət qədər vaxtım var.
- Legioner həyatı yaşamağınız necə, mümkündümü?
- Düzü, 2 ölkədən mənimlə maraqlandıqlarını eşitmişəm. Türkiyə və Rusiyadan. Amma hələ real bir şey yoxdu.
Ruslan SADIQOV