“Malaqa”nın sahibi Abdullah Al Tani maraqlı fikirlərlə diqqət çəkib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, klub rəhbəri “Barselona”nın çempion olmasını istəmədiyini bildirib.
“Malaqa”nın baş məşqçisi Miçelin “Real”ın yetirməsi olması və 15 il bu klubun formasını geyinməsi Kataloniya mətbuatında müxtəlif söz-söhbətlərə yol açıb. Belə ki, azarkeşlər “Malaqa”nın bu üzdən son turda “Real”a qəsdən məğlub ola biləcəyini düşünürlər. Sosial şəbəkə vasitəsilə fanatlardan birinin “Barselona”nın çempionluğu üçün son turda “Real”ı məğlub etməyiniz yetərli olacaq”, fikrinə Al Tani sərt şəkildə cavab verib.
Qətərli biznesmen kataloniyalıları təhqir edərək, onların çempion ola bilməyəcəklərini söyləyib: “Tanrının köməyi ilə meydanda qələbə qazanmağa çalışacağıq. Ancaq Kataloniya murdarları Miçel haqqında səsləndirdikləri yalanlardan sonra çempionluq iyini almayacaqlar”.
“Malaqa”nın baş məşqçisi Miçel də “Real” azarkeşi olduğunu gizlətməyib: “Real”a 25 ilimi vermişəm. Hazırda “Malaqa”nı çalışdırmağıma baxmayaraq, hələ də “Real”a azarkeşlik edirəm. Ancaq oyunçularımdan uduzmalarını istəsəm, məni döyərlər. Hər zaman qələbə üçün meydana çıxırıq”.
La Liqanın XXXIV turunda “Osasuna” üzərində 7:1 hesablı qələbə qazanan “Barselona”da baş məşqçi Luis Enrike də “Malaqa” – “Real” görüşünə münasibət bildirib. Jurnalist ondan mayın 21-də baş tutacaq matçda “Malaqa”nın şanslarını dəyərləndirməsini istəyib. “Son turda “Malaqa” “Real”a qalib gələ bilərmi” sualına təcrübəli mütəxəssisin cavabı qeyri-adi olub: “Nənəmin təkərləri olsaydı, velosiped olardı”.
Qeyd edək ki, bir neçə gün əvvəl İspaniya Peşəkar Futbol Liqasının prezidenti Xavyer Tebas “Real” azarkeşi olduğunu və “El-Klasiko”da “Barselona”nın qələbəsinə məyus olduğunu bildirməklə diqqət çəkmişdi.