[b]Əliyar Ağayevin mövsümdə 4-cü derbisi[/b]
27.04.2017 - 11:43
[b]Əliyar Ağayevin mövsümdə 4-cü derbisi[/b]

Azərbaycan Premyer Liqasında mövsümün son oyununu Əliyar Ağayev idarə edəcək. Apasport.az saytının məlumatına görə, FİFA referisi mövsümdə 4-cü dəfə “Neftçi” və “Qarabağ” arasında derbiyə təyinat alıb.

 

O, çempionatın 1, kubokun 2 matçında ölkənin iki ən titullu klubunu meydana çıxarıb. Premyer Liqanın III turunda ağdamlıların 3:0 hesablı ev qələbəsinə şahid olan Ağayev yarımfinalda da əyalət təmsilçisinin üstünlüyünü qeydə alıb – 2:0, 0:0. Bu matçlarda bakılılar qola həsrət qalıb. Baş tutan 3 derbidə referi hər komandaya ümumilikdə 2 sarı vərəqə göstərsə də, qırmızı və penalti kimi sərt qərarlara əl atmayıb.

 

Mövsüm ərzində 16 çempionat və 4 kubok qarşılaşmasında fit çalan hakim 21-ci matçına çıxacaq. Bu qarşılaşmalarda Ağayev meydan sahiblərini 37 sarı, 2 qırmızı vərəqə və 5 penalti ilə cəzalandırıb. Qonaqlar isə 29 sarı, 4 qırmızı və 3 penaltiyə üzülüblər. Onun idarə etdiyi 20 qarşılaşmada ev sahibləri 8, səfərdə oynayanlar 5 dəfə qalib gəlibsə, 7 görüşdə bərabərlik qeydə alınıb.

 

FİFA hakimimiz “Qarabağ”ın 5 oyununu idarə edib. “Neftçi” ilə derbilərdən başqa “İnter”lə səfər (1:2), “Sumqayıt”la ev (3:0) görüşlərində söz sahibi olan hakim son iki matçda ağdamlılara 1, rəqiblərinə 6 xəbərdarlıq edib.

 

“Neftçi” isə derbilərdən başqa 3 oyunda Ağayevi görüb. Çempionatda “Qəbələ”yə 1:4, “İnter”ə 1:3 hesabı ilə uduzan bakılılar bu referi ilə Premyer Liqada xala həsrətdi. Kubokun 1/4 finalında “Zirə” üzərindəki qələbə isə (3:0) yeganə uğurdu. Bu üç qarşılaşmada paytaxt təmsilçisi də, rəqibləri də 3 sarı vərəqə ilə cəzalanıb. Lakin referi “ağ-qaralar”ın lehinə 2 penalti qərarı da verib.

 

0