[b]“Komanda qalıb kənarda, vəzifə davası gedir” – Tahir Süleymanov[/b]
27.04.2017 - 15:31
[b]“Komanda qalıb kənarda, vəzifə davası gedir” – Tahir Süleymanov[/b]

“Neftçi” klubunun keçmiş vitse-prezidenti Tahir Süleymanovun apasport.az saytına müsahibəsi

 

- Başa çatmaq üzrə olan mövsümdə “Neftçi”nin çıxışını necə dəyərləndirirsiniz?

- "Neftçi" Azərbaycanın ən köklü, titullu klubudu. 80 illik yubileyində tarixinin ən biabırçı dönəmini yaşayan, 8 komandalı rəqabətsiz çempionatda 7-ci yeri tutan, bütün antirekordlarını qıran komandanın çıxışını necə dəyərləndirmək olar?! Bunun bir adı var - rəzalət.

 

- Qışda komandaya bir çox yeni futbolçu cəlb edildi. Həmin transferlərin oyunu qənaətbəxş idi?

- Qeyd etdiyiniz kimi, artıq çempionat başa çatır. Qışdan sonrakı dönəm deyil, mövsümə qiymət verilməlidi. Startdan finişə qədər "Neftçi" 16 legionerin xidmətindən istifadə edib. 2010-2014-cü illərdə çempionluq, kuboklar qazanıldığı vaxtlarda mövsüm ərzində bu sayda legionerdən istifadə olunmayıb. İndiki durum Gede dönəmini xatırladır. Elnur Məmmədov-Vəli Qasımovun kluba cəlb etdiyi futbolçular qış fasiləsinə qədər yola salındı və çoxsaylı əcnəbilərlə əvəzləndi. Dəfələrlə bildirmişəm, qışda tam olaraq komanda dəyişilə bilməz. "Nəticə" göz önündədi. Bu onu göstərir ki, "Neftçi"nin heç bir strategiyası yoxdu, pərakəndə idarə olunur. İki ildən çoxdu Müşahidə Şurası fəaliyyət göstərir. İcraçı direktorun müavini Elnur Eyvazov müsahibəsində bildirib ki, təsisçilər tərəfindən bütün səlahiyyət icraçı direktorun səlahiyyətindədi. Müşahidə Şurası maliyyə şəffaflığına nəzarət edir və müşahidəsini aparır. 16 legioner və transfer olunan yerli futbolçulara xərclənən milyonlarla vəsaitə qıraqdan-qırağa necə nəzarət etmək olar?! İstər peşəkar, istərsə maliyyə baxımından nəzarət o futbolçular alınanda olmalıdı, 7-ci yeri tutandan sonra yox. Digər tərəfdən Elnur Məmmədovun əvəzinə Elnur Eyvazov təyin edilmişdi. Vəzifəsinin icrasına başlamamış kluba idman direktoru kimi gələn Orxan Hüseynzadə ilə əvəzləndi. Komanda qalıb kənarda, vəzifə davası gedir. Hələ futbolu nə dərəcədə "bildiklərini" demirəm. Ona görə də tarixi klub bu vəziyyətdədi... Legioner futbolçular göz önündə olur. Yaddan çıxarmayaq ki, son mövsümlər köməkçi əcnəbi məşqçilər çalışır klubda. Onlara külli miqdarda vəsait xərclənir. Göstərilən biabırçı nəticələrə görə?!

 

- “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev “Zirə” ilə oyunda əvəzetmə zamanı səhvə yol verərək, legioner limitini pozdu. Ondan öncə də Azərbaycan çempionatında bu cür səhv edən məşqçilər olub. Buna münasibətiniz necədi və sizin “Neftçi”də çalışdığınız dövrdə belə hal yaşansaydı, hansı addımı atardınız?

- Uzun müddət "Neftçi"də işlədik. Bilirsiniz ki, demək olar, futbolun bütün sahələrində çalışmışıq. İllərin təcrübəsi var çiynimizdə. Bizim dönəmdə belə halın yaşanması mümkün deyildi. "Neftçi" çox ağır klubdu, daimi diqqət mərkəzindədi. Tarixi klubu həvəskar zavod, fabrik komandası səviyyəsində idarə etmək olmaz. Sanki bütün klub atılıb Elxan Abdullayevin üstünə. Baş məşqçi çox önəmli post olmaqla yanaşı, kluba deyil, komandaya cavabdehlik daşıyır. İdarəçilər gizlənib, ictimaiyyət önünə çıxmır, məsuliyyətdən qaçırlar. Məşqçilər korpusuna, futbolçulara daimi nəzarət olmalıdı. Oyunlarda "Sky Box"da ketrinq şirkətinə külli miqdarda pul ödəyib, yeyib-içməklə "Neftçi" idarə oluna bilməz. Təsəvvür edin, klubda seleksiyaçı-məşqçi kimdi, bilinmir. Elxan Abdullayev baş məşqçi kimi klubun bütün yükünü öz boynuna götürə bilməz. Bu, düzgün deyil. Millidə də çalışdığını nəzərə alsaq, belə "qüsurlar" hələ çox baş verəcək. Sonda isə kluba cavabdehlər özlərini kənara çəkərək, daxildə günahkar axtarışına çıxacaqlar.

 

- “Neftçi” indidən yay transfer çalışmalarına start verib. Bizdə olan məlumata görə, Səlahət Ağayev və Nizami Hacıyevlə münasibətlər artıq rəsmiləşdirilib. Səlahət “Neftçi”də ilinə 270 min, Nizami isə 250 min manat məvacib alacaq. İndiki vəziyyətdə bu məbləğlər böyük deyilmi?

- Klubun düzgün qurulmuş strategiyası olmalıdı. Son iki mövsümdə nə qədər fikir dəyişmək olar?! Gah gəncləşdirmə siyasətini "apardılar". Nəticədə "Neftçi"nin illərdi əziyyətlə yetişdirdiyi futbolçuların əksəriyyəti didərgin salındı. Elvin Yunuszadə, Elşən Abdullayev "Qarabağ"la çempion olur, Araz Abdullayev, Ruslan Qurbanov "Qəbələ"də gümüş, Mirhüseyn Seyidov "İnter"də bürünc medal qazanır... "Neftçi" hər zaman öz yetişdirmələrini oynadıb, çempion olub. Eyni zamanda digər komandalara satıb, vəsait qazanıb. İndi isə durum tam fərqlidi. "Neftçi" öz ruhunu itirib. Digər klublarda çıxış edən yerli futbolçular kluba cəlb olunur. Bu, kökündən yanlış strategiyadı. "Neftçi"də klubun yetişdirdiyi istedadlı futbolçularla səviyyəli legionerlərin vəhdəti olmalıdı. Yarıtmaz legioner seçimini də nəzərə alsaq, "Neftçi"nin doğru yolda olmadığı açıq-aşkar görünər. Xüsusi məqama da toxunum. 10-12 legioner almaqdansa, həmin vəsaitə daha səviyyəli 5-6 lider futbolçu gətirilməlidi. “Pulumuz yoxdu” deyə-deyə xalqın, dövlətin vəsaiti havaya uçurulmamalıdı. APOEL ilə oyunlarda start heyətində olan 19 yaşlı Elvin Yunuszadə həmin vaxt 3 min maaş alırdı. Mahir Şükürovu isə illik 70 minə gətirmişdik. Səlahət Ağayev, Nizami Hacıyev yaxşı futbolçulardı. Sadəcə, "Neftçi"nin strategiyasından söhbət gedirsə, yanaşma fərqli olmalıdı.

 

- Bu günlərdə klubun muzeyi açıldı. Vaxtilə sizin də belə planınız olubmu?

- Bilirsiniz ki, İsmət Qayıbov adına stadionda xüsusi hazırlanmış layihə ilə stadion-bazanın təməli qoyulmuşdu. 6 mərtəbəli binada klub üçün hər bir şərait nəzərdə tutulmuşdu. Eyni zamanda çox geniş muzey də olacaqdı. Muzey, fanşopun açılması müsbət olsa da, indiki uğursuz heyətin böyük ölçüdə şəkili orada olmamalıdı. Eyni zamanda foto-stendə "Neftçi"nin ermənilər üzərində tarixi qələbəsi, Kipr zəfəri geniş şəkildə nəzərə alınmalıydı. "Neftçi"nin keçmiş prezidentlərindən biri Rasim Rəfiyev yaddan çıxır... Sanki, indiki rəhbərlik yaxın keçmişin tarixi uğurları fonunda özünü "nokaut"da hiss edir. Dərk etmək lazımdı ki, uğur qazanmaq üçün rəqibləri yaşıl meydanda "nokaut"a salmaq lazımdı. Əks halda, 80 illik yubileyin tərsinə rəqəmlə - 0:8-lə qeyd olunmağı təbiidi. İlk növbədə, niyyət, təfəkkür dəyişməlidi.

 

- Cari mövsümdə “Neftçi” klubu azarkeşlərlə bir neçə dəfə problem yaşadı. “Forza Neftçi” fan-klubu etiraz əlaməti olaraq, son turun oyununa getməyəcək. Bu kimi problemlər nədən qaynaqlanır və klubun imicinə nə dərəcədə zərbə vurur?

- Futbol azarkeşlər üçün oynanılır. "Neftçi" fanatları çempionluq, kubokların qazanılmasına alışıb, mövsümə 15-16 məğlubiyyətə yox. Azarkeşi günahlandırma deyil, onlara gözəl futbol oynamaqla nəticə vermək lazımdı. "Neftçi" azarkeşlərinə təşəkkür etmək lazım idi. Bu cür acınacaqlı durumda onlar mövsüm ərzində komandanı tək qoymadılar. Bunun qarşılığı çempionluq, kubok qazanmaqla verilməlidi. Təəssüf ki, günahı özlərində görmək əvəzinə, azarkeş "kənar şəxs", "xuliqan" elan olundu. "Neftçi"də çalışıb uğur qazanmamaq mümkün deyil. Belə durumda zərbə tək "Neftçi"yə dəymir, Azərbaycan futboluna dəyir. Azarkeş hər zaman haqlıdı.

 

- “Neftçi”ni bu durumdan kim və ya kimlər çıxara bilər?

- Son iki mövsümdü ki, "Neftçi" özünə bənzəmir. 5-6 baş məşqçi dəyişilib, onlarla legioner futbolçu gətirilib, icraçı direktorlar dəyişdirilib. Klub isə "zirzəmi"yə yuvarlanmaqda davam edir. Futbolu bilməyən insanlar "Neftçi"ni çökdürməkdə davam edirlər. 7-ci yerdə qərarlaşmaq üçün milyonlarla vəsait xərclənib. Bu nəticələrlə bəhanələr gətirilmir, "Neftçi" azarkeşindən, xalqdan, ictimaiyyətdən üzr istənilib gedirlər. Futbolda təsadüfi insanlara isə "Neftçi" lazım deyil, vəzifələri, qazancları önəmlidi. "Neftçi"nin minimum vəzifəsi çempionluq olmalıdır!

 

 

 

0