[b]“Prosineçkinin oyunlarını dəfələrlə izləyirdim” – Nemanya Vidiç[/b]
28.04.2017 - 10:14
[b]“Prosineçkinin oyunlarını dəfələrlə izləyirdim” – Nemanya Vidiç[/b]

“1991-ci ildə 10 yaşım olsa da, “Srvena Zvezda”nın Avropa Kuboku turnirindəki çıxışını çox yaxşı xatırlayıram. O vaxt futbol mənim həyatım idi”. Apasport.az saytının məlumatına görə, bunu Serbiya millisinin sabiq kapitanı Nemanya Vidiç deyib.

 

Ötən il karyerasını başa vuran Vidiç yerli mətbuata geniş müsahibə verib. Onu kəşf edən “Srvena Zvezda” klubunun 1990-91 mövsümündəki uğurunu xatırlayan 36 yaşlı keçmiş müdafiəçi ən sevimli futbolçuları arasında Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin də adını çəkib.

 

Vidiç doğma komandasının tarixi nailiyyətində önəmli rol oynayan Prosineçkinin və digər futbolçuların oyunlarını dəfələrlə izlədiyini vurğulayıb: “Evimiz Belqraddan 200 km aralıda yerləşirdi. Ancaq yaşadığım şəhərdə həm “Srvena Zvezda”nın, həm də “Partizan”ın azarkeşləri çox idi. Yarımfinal mərhələsində “Bavariya” üzərində 2:1 hesablı qələbə yaxşı yadımdadı. Serbiyada isə hesab 2:2 olmuşdu. “Srvena Zvezda” mənim xəyalım idi. Darko Pançev, Robert Prosineçki, Deyan Saviçeviç, Vladimir Yuqoviç... Bu futbolçuların iştirakı ilə keçirilən oyunları videokasetə köçürür, dəfələrlə izləyirdim. Atam da mənimlə birlikdə baxırdı. “Marsel”lə final görüşü o qədər də yaxşı keçməmişdi. Ancaq penaltilərlə qalib gəlib Avropa çempionu olmuşdular. Tarixi uğur idi. İndi Serbiya futbolu o səviyyədə deyil. Buna baxmayaraq, Serbiya hələ də çox yaxşı futbolçular yetişdirir”.

 

Qeyd edək ki, 15 yaşından futbolun sirlərini “Srvena Zvezda”nın akademiyasında öyrənməyə başlayan Nemanya Vidiç 2000-2004-cü illərdə peşəkar futbolçu kimi bu klubun formasını geyinib. O, həmçinin Subotiç “Spartak”ı, Moskva “Spartak”ı, “Mançester Yunayted” və “İnter” kimi klublarda da çıxış edib.

0