Ağasəlim Mircavadov: “Futbolçularımız çox yorulub”
09.04.2008 - 17:53
Ağasəlim Mircavadov: “Futbolçularımız çox yorulub”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Oyun qrafiki sıx olduğundan, futbolçularımız çox yorulub. Heyətdəki dəyişikliklər də bu səbəbdən bəzi oyunçulara istirahət verməyimlə bağlı idi”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri “Qəbələ” ilə ölkə kubokunun ilk yarımfinal oyunundan sonra “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib. 69 yaşlı mütəxəssis rəqib meydanında 3:1 hesabı ilə qalib gələn komandasından razı qalıb: “Meydan pis vəziyyətdə idi. Belədə uzaq zərbələrə və standart vəziyyətlərə ümid etməli olurduq. Komandamız da lazımi səviyyədə mübarizə apardı. Onların göstərdiyi əzmkarlıqdan razı qaldım”. A.Mircavadov hesaba baxmayaraq, finalçının Lənkəranda müəyyənləşəcəyini bildirib: “Hesaba görə artıq finalda olduğumuzu söyləmək düzgün olmazdı. Rəqib çox döyüşkən komandadır. Cavab matçında üstünlüyü əldən verməmək üçün qarşılaşmaya ciddi hazırlaşacağıq”.
Qeyd edək ki, Lənkərandakı cavab görüşü aprelin 23-də keçiriləcək.
0