[b]Elxan Abdullayevin seçimi: ya istefa, ya qovulmaq[/b]
28.04.2017 - 13:59
[b]Elxan Abdullayevin seçimi: ya istefa, ya qovulmaq[/b]

“Neftçi” barıt çəlləyinə bənzəyir. Bir qığılcım partlayışa səbəb ola bilər. Bütün bunlar təkcə komandanın uğursuz nəticələrinə görə deyil. Düşərgədə bir nəfər var ki, ona görə əsəblər tarıma çəkilib.

 

Söhbət Elxan Abdullayevdən gedir. Nəinki ölkənin tarixinə görə bir nömrəli komandasında, bəlkə də istənilən Premyer Liqa klubunda işləməyə layiq olmayan birisinə lazımsız güvən indi rəhbərliyi də çətin vəziyyətdə qoyub.

 

Əsəbləri tarıma çəkən, səbr kasasını daşıran son damla son turun matçı oldu. “Zirə”ylə oyunda limitin pozulması ilə nəticələnən “texniki səhv” hamının ondan üz döndərməsinə səbəb olub. Bugünədək Abdullayevin bütün səhvlərinə dözən, onu yeri gəldi-gəlmədi müdafiə edən klub başbilənləri indi etdiklərinə görə peşmandı. Çünki Elxan bəy nəinki baş məşqçi, heç adi bir işçi kimi də ümidləri doğrultmur.

“Neftçi” rəhbərliyi başa düşür ki, hamıyla problemi olan Abdullayevlə yola davam edilməsi daha bir mövsümün itirilməsi demək olacaq. Lakin azarkeşlərlə problem zamanı tələsik verilən lazımsız dəstək bəyanatı indi onların dilini qısa edib və oturub gözləyirlər ki, Elxan bəy özü getmək istədiyini açıqlasın. Bütün uğursuzluqları unutdurmaq, günahı boynuna yükləmək üçün yeganə adam odur. Elə düzünə qalanda da ən böyük suç sahibi vaxt verilən, normal transfer büdcəsi ayrılan, hər zaman dəstək görən, bununla belə, komandanı “7-ci yerdən 7-ci yerə yüksəldən” Elxan bəydi.

Tarix göstərir ki, azarkeşlərlə münasibətlərin pozulması heç bir məşqçiyə baş ucalığı gətirməyib və onlar gec-tez postunu tərk edib. Və bu vəziyyətdə olan birisi ilə yola davam etmək, ona növbəti mövsümdə də komandanı etibar etmək riskli, eyni zamanda perspektivsizdi. Elxan bəy isə fanatlarla körpüləri çoxdan yandırıb. Onları “xuliqan dəstəsi” adlandırmasından sonra Abdullayev jurnalistlərlə də münasibətləri korlayıb. Hər mətbuat konfransında yersiz debatların iştirakçısı olan çalışdırıcı faktiki, özünə dost saxlamayıb.

 

Düzdü, bütün olanlardan sonra klub bəyanat yayaraq, məşqçilər korpusu ilə müqaviləni daha bir illik uzadacağını, daha sonra Müşahidə Şurasının sədri Çingiz Abdullayev də onlara dəstək olduqlarını bildirmişdi. Lakin “Zirə”ylə oyundakı rüsvayçı səhvdən sonra hamı peşman olub. Dəstək bəyanatına “hamilə olan” klub rəhbərliyi məhz bu üzdən aşkar şəkildə məşqçilərə qapını göstərə bilmir, Abdullayevin bacarıqsızlığını başa düşərək özünün istefa verəcəyini gözləyir.

 

Əslində, rəhbərlik Elxan bəydən narazı olduğunu son rəsmi açıqlamasında hiss etdirdi. “Zirə”ylə oyundakı səhvə görə məşqçilər korpusunun cəzalandırılacağı barədə açıqlama gözdən pərdə asmaq cəhdi deyildi. “Qarabağ”la oyundan sonra isə yəqin ki, radikal dəyişiklik reallaşacaq. Abdullayev dəstək limitini çoxdan doldurub və bundan sonrası yalnız özündən asılıdı. Daha ona arzuladığı böyük büdcə ayrılmayacaq. Ya istefa verməli, ya da qovulmasını gözləməlidi.

 

“Neftçi” rəhbərliyi başa düşür ki, hamıyla problemi olan Abdullayevlə yola davam edilməsi daha bir mövsümün itirilməsi demək olacaq. Lakin azarkeşlərlə problem zamanı tələsik verilən lazımsız dəstək bəyanatı indi onların dilini qısa edib və oturub gözləyirlər ki, Elxan bəy özü getmək istədiyini açıqlasın. Bütün uğursuzluqları unutdurmaq, günahı boynuna yükləmək üçün yeganə adam odur. Elə düzünə qalanda da ən böyük suç sahibi vaxt verilən, normal transfer büdcəsi ayrılan, hər zaman dəstək görən, bununla belə, komandanı “7-ci yerdən 7-ci yerə yüksəldən” Elxan bəydi.

 

Gedəcəkmi? Hər şey “Qarabağ”la son tur matçından sonra bilinəcək. Amma özü bunu etməsə də, hansısa məqamda mütləq qovulacaq. Çünki o, bütün etimad limitini doldurub və rəhbərlik ictimai qınağa məruz qalmağını da göz önünə alaraq, hətta həmin dəstək bəyanatına rəğmən, sabahı riskə atmayacaq. Elxan bəy üçün 2 seçim var: ya üzüsulu getmək, ya da qovulmaq. Seçimi özü etməlidi. Futbolinfo.az

 

0