[b]“Neftçi”də köklü dəyişikliklər olacaq” – Səməd Qurbanov[/b]
28.04.2017 - 15:34
[b]“Neftçi”də köklü dəyişikliklər olacaq” – Səməd Qurbanov[/b]

“Neftçi” klubunun Müşahidə Şurasının üzvü Səməd Qurbanovun apasport.az saytına müsahibəsi

 

- Dünən klubun Müşahidə Şurasının iclası keçirilib. Toplantıda hansı qərarlar qəbul olundu?

- Bəli, iclasımız baş tutdu. Bir çox məsələləri müzakirə etdik. Əsasən də, komandanın hazırkı durumu və gələn mövsümlə bağlı planlardan danışdıq.

 

- Sizin hansısa təklifiniz oldumu?

- Əlbəttə, oldu. Dedim ki, cavan uşaqlara da şans vermək lazımdı. Əvəzedici heyətdə 1-2 perspektivli oyunçu görmüşəm, onlara güvənmək olar. Gələn mövsümə elə komanda yaratmalıyıq ki, heç kimin qarşısında əyilməyək, söz götürməyək.

 

- Ümumiyyətlə, gələn mövsümlə bağlı hədəf nə olacaq?

- Gələn mövsüm ya vəziyyəti tam düzəldəcəyik, ya da başqa cür olacaq. Bu, bir növ bizim son şansımız olacaq. Daha o biri ili gözləməyəcəyik.  

 

- Cari mövsüm ilk “4-lük”dən kənarda qaldınız. Qarşıdakı mövsümdə hansı nəticə sizin üçün qənaətbəxş sayılacaq?

- Gənc oyunçularla yanaşı, bir neçə yüksək səviyyəli əcnəbi də gətiriləcək. Elə əcnəbilər ki, cavanlarımız onların yanında inkişaf edə bilsinlər. Hədəf mövsümü ilk “3-lük”də bitirmək olacaq. Daha 5-6-cı yerdə yox. Bütün fikrimiz medallardan birini qazanmaq üzərinə yönələcək. Başqa söhbət ola bilməz.

 

- Heyətlə bağlı nə kimi dəyişikliklər planlaşdırılır?

- Komandada köklü dəyişikliklər olacaq. Təbii ki, yaxşı uşaqları saxlamaqla. İki ildi Müşahidə Şurası fəaliyyət göstərir, artıq hamı müəyyən təcrübəyə sahibdi.

 

- Baş məşqçi Elxan Abdullayev də iclasda iştirak edib. Onunla hansı söhbətlər aparıldı?

- Baş məşqçi şuranın qarşısında hesabat verdi. Hələlik baş məşqçinin gələcək taleyini müzakirə etmədik. Elxan müəllimin müqavilə müddəti başa çatmaq üzrədi. Rəhbərlik tərəfindən ona deyildi ki, belə olmaz, bu, hər hansı bir komanda deyil, “Neftçi”di. Burda olan hər kəs “Neftçi”nin adını qaldırmağa çalışmalıdı.

 

- Elxan Abdullayev gələn mövsüm də komandada qalacaq?

- O, hələ ki, postunda qalır. Özü də söz verdi ki, komanda gələn mövsüm ilk “3-lük” uğrunda mübarizə aparacaq. Rəhbərlik tərəfindən də bildirildi ki, axırıncı şansımızdı, camaatın qarşısında biabır olmaq istəmirik.

 

- Azarkeşlərlə münasibətin düzəldilməsi baxımından hansısa addımlar atılacaqmı?

- Azarkeşlərimizin çoxu cavan uşaqlardı. Onlar da baxımlı futbol və “Neftçi”ni yüksək pillələrdə görmək istəyirlər. Onları qınamıram, ürəkləri “Neftçi” ilə yanır. Elə hamımızın əsas müzakirə mövzusu azarkeşlərlə münasibəti düzəltmək məsələsi oldu. Azarkeş olmayandan sonra futbolun nə mənası var? Biz də onlar üçün oynamalıyıq.

 

Ruslan SADIQOV

0