Anatoli Demyanenkonun qələbə seriyası qırılıb
09.04.2008 - 18:56
Anatoli Demyanenkonun qələbə seriyası qırılıb
Bakı. Mehman Süleymanov – APA-Sport. Bu gün Azərbaycan kuboku uğrunda ilk yarımfinal oyunları keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, “Neftçi”nin Anatoli Demyanenkonun rəhbərliyi altında qələbə seriyası 9-cu oyunda qırılıb. Azərbaycanda işlədiyi üç ayda yüz faizli nəticə göstərən ukraynalı mütəxəssisi bunadək Premyer Liqada 6, kubokda 2 qələbə qazanıb. “Neftçi”nin hücumçularından serbiyalı Branimir Subaşiç “İnter”ə, braziliyalı Xose Karlos kubokda ardıcıl ikinci oyundur qol vurur. Qonaq komandada isə son dörd kubok matçında uruqvaylı hücumçu fərqlənib. “Neftçi”yə vurulan hər iki qolun müəllifi olan Valter Quqlemon həmyerlisi Roman Quellonun yolunu davam etdirib. R.Quellonun ¼ finalda “dubl” etdiyi “Qarabağ”la səfərdə keçirilən ilk görüş də 2:2 hesabı ilə nəticələnib. Azərbaycan kubokun son qalibi “Xəzər-Lənkəran” səfərdə “Qəbələ” klubunu məğlub edib. Bununla da Ağasəlim Mircavadovun komandası ardıcıl ikinci il finala çıxmaq vəzifəsini demək olar yerinə yetirib.

“Neftçi” – “İnter” – 2:2
Branimir Subaşiç, 2, Xose Karlos, 5 – Valter Quqlemon, 37, 78

“Qəbələ” – “Xəzər-Lənkəran” – 1:3
Şəhruz Mustafayev, 75 – Zaur Ramazanov, 10, 60, İrakli Vaşakidze, 14 – öz qapısına

Qeyd edək ki, cavab yarımfinal görüşləri aprelin 23-də keçiriləcək.
0